Millət vəkili: "Ərdoğan Ulu Öndərin xalqa çağırış nümunəsindən istifadə etdi" AÇIQLAMA

Millət vəkili: "Ərdoğan Ulu Öndərin xalqa çağırış nümunəsindən istifadə etdi" AÇIQLAMA

"Dövlət çevrilişinə hərbi yolla cəhd zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqa çağırışı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən götürdüyü nümunə idi. O, Türkiyə dövlətçiliyini, hakimiyyəti qoruyub saxlamaq, çevrilişin qarşısını almaq üçün bu yoldan istifadə etdi". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

O, 1995-cı ildə Azərbaycanda da buna bənzər hadisələrin baş verdiyini qeyd edib: "Mən o zaman Azərbaycanda olan qarışıq vəziyyəti yaxşı xatırlayıram. Həmin gecə mən özüm də axşamdan səhərə kimi o zamanki Prezident Aparatının qarşısında olmuşam. Ulu Öndərin xalqa çağırış etməsi, Türkiyə prezidenti üçün də bir nümunə, xilas yolu oldu. Türk xalqı da öz münasibətini bildirdi, seçdiyi yolu göstərdi, birliyini nümayiş etdirdi və xainlərə qarşı səsini ucaltdı".

Deputat bildirib ki, Türkiyədə dövlət çevrilişi planı daxildə hazırlansa da, əsas hissəsi xaricdən ötürülüb: "Türkiyə rəhbərinin son dövrlərdə apardığı siyasət bir çoxlarının xoşuna gəlmirdi. Onlar xaricdə yemləyib saxladıqları insanlar və özlərinə işləyən cəsusların əli ilə Türkiyədə dövlət çevrilişinə hazılıq işləri aparıblar. Bu hazırlıq PKK və digər terror qruplaşmalarının əli ilə də həyata keçirilib. Hadisələrdə Türkiyə prezidenti və hökuməti də öz dəyanətini nümayiş etdirdi".

Millət vəkili xarici qüvvələrin müsəlman ölkələrini güclü görmək istəmədiyini vurğulayıb: "Onlar müstəqil, stabil, inkişaf etmiş güclü müsəlman dövləti görmək istəmirlər. Müsəlman dövlətlərini öz nəzarətləri altında saxlamaq, gündəlik terror hadisələri, vətəndaş müharibəsi, vaxtaşırı dövlət çevrilişləri, müharibələr, münaqişələr yaratmaqla, çapıb-talayıb, var-dövlətlərinini özlərinə daşımaq istəyirlər. Türkiyə müsəlman dünyasının ən böyük, inkişaf etmiş, demokratik dövləti kimi onları narahat edir. Son dövlərdə Türkiyə prezidentinin Rusiyaya qarşı atdığı addım, etdiyi jest, münasibətlərin normallaşması istiqamətində apardığı siyasət bəzi qüvvələrin xoşuna gəlmədi. Nəticəsi isə özünü göstərdi. Türkiyə xalqı böyük xalqdır, orada yüz illərin dövlətçilik təcrübəsi var. Qardaş ölkə bu sınaqdan da üzüağ çıxacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə