"Dağlıq Qarabağ münaqişəsinin bilavasitə Rusiyanın əli ilə tənzimlənməsi bütün hallarda Qərbin marağındadır". Bu fikirləri SİA-ya politoloq Elçin Mirzəbəyli Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəallığının arxasında Qərblə razılaşdırmaların dayanması ilə bağlı səslənən fikirlərə münasibət bildirərkən deyib.
O bildirib ki, şübhəsiz ki, Rusiyanın maraqlarına toxunmayan məqamlar Qərblə razılaşdırılır: "ATƏT-in digər həmsədr dövlətlərinin də marağındadır ki münaqişə daha çox məhz Rusiyanın əli ilə həll edilsin. Əgər Rusiya münaqişənin ədalətli həlli üçün müvafiq addımlar atarsa, işğalçı qüvvələrin Azərbaycan ərazilərini tərk etmələri üçün Ermənistana təzyiq göstərərsə, bu zaman Ermənistan Rusiya ilə düşmən olacaq. Yox əgər Rusiya mövcud status-kvonun davam etdirilməsi, yaxud problemin işğalçı Ermənistanın maraqlarına uyğun həlli üçün Azərbaycana açıq təzyiqlər göstərməyə davam edəcəksə, bu halda ölkəmizlə Rusiya münasibətləri pozulacaq. Hər iki amil Qərbin maraqlarına xidmət edir. Bu baxımdan hazırkı vəziyyətdə Rusiya üçün yeganə çıxış yolu problemin ədalətli həllinə nail olmaqdan ibarətdir. Çünki Ermənistan bütün hallarda Rusiyanın nəzarətindən kənara çıxa bilməyəcək. Buna onun nə coğrafi sərhədləri, nə də potensialı imkan vermir. Azərbaycanın isə regionda müstəqil siyasət yürütmək, Rusiyanın iştirakı olmadan özünü təsdiq etmək imkanları, potensialı var. Ölkəmiz bu günə qədər yürütdüyü siyasətdə hər hansı xarici ölkənin dəstəyi olmadan özünün inkişaf perspektivlərini sübuta yetirib. Bu halda, qənaətimə görə, Rusiya daha doğru seçim etməlidir. Lakin bunu edib-etməyəcəyini zaman göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB