Millət vəkili: “Formula 1 yarışları dünyanın ən prestijli idman yarışlarındandır” MÜNASİBƏT
"Azərbaycanda ilk dəfə olaraq Formula 1 yarışları keçirildi. Yüksək səviyyədə keçən yarışlar hər zaman dünya ictimaiyyətinin diqqətində olur. Formula 1 yarışları dünyanın ən çox izlənilən və ən prestijli idman yarışları sırasındadır. Hər yarışı təqribən 420 milyon televiziya tamaşaçısı izləyir". Bunu SİA-ya millət vəkili, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, Bakıda keçirilən yarış həm də yolun uzunluğuna, sürət imkanlarına və ən əsası da şəhər içində keçirilməsinə görə fərqləndi: "Əslində yarış iştirakçılarının dediyinə görə Bakı yolu digər bir neçə yolun qarışığından yaranan özünəməxsus yoldur. Artıq bütün idman yarışlarının həm də iqtisadi və siyasi tərəfləri mövcuddur. Bu müasir dünyanın reallığıdır. İqtisadi hesablamalar həmişə maraq kəsb edib. Formula 1 yarışlarının iqtisadi faydası spesifik iqtisadi hesablamalar ilə aparılır. Beynəlxalq iqtisadi təhlil mərkəzləri də hər yarışdan sonra bununla bağlı xüsusi hesabatlar da hazırlayırlar. İlkin təhlil aparmaq üçün bir sıra rəqəmlərə diqqət yetirmək lazımdır. Adətən dünyanın bütün ölkələri Formula 1 yarışlarını əsasən ölkənin, şəhərin tanıdılması, turistlərin cəlb olunması və dolayısı ilə iqtisadiyyatın qazanması məqsədilə təşkil edirlər. Hər bir ölkə bunun üçün büdcə vəsaitlərindən istifadə edir".
Millət vəkili əlavə edib ki, yarışların sponsorlarının (yollarda, avtomobillərin üzərində, pilotların geyimlərində olan markalar) 3 gün ərzində reklam kontaktlarının dəyəri orta hesabla 70 milyon dollar miqyasında qiymətləndirilir: "Bu o demek ki, 420 milyon insan televiziya ekranlarında yarışlar zamanı neçə dəfə o markaları görürsə, o saya çatmaq üçün televiziya reklamlarının adi agent qiymətləri 70 milyon dollar dəyərindədir. Sponsorlar içində ən çox reklam kontakti Red Bull markasına aiddir, bu kontaktların dəyəri 22-27 milyon dollar miqyasında qiymətləndirilir. Nəzərə alsaq ki, bütün yarış boyu 420 milyon insan "Baku" sözünü, şəhərin bütün mənzərəsini bir marka kimi görürdü və bu görüntü sponsor görüntülərindən bir neçə dəfə daha intensiv idi, bu o demek ki, Bakı şəhərinin və Azərbaycanın turizm məqsədilə reklamı üçün eyni intensivlik və göstərmə sayının dəyəri ən azı 60 milyon dollardan çoxdur. Əlavə olaraq təqribi hesablamalara görə Bakıya 10 mindən artıq turistin gəlməsi gözlənilirdi. Yarışlardan sonra Bakı otellərindən verilən bilgilərə görə bütün otellərin otaqları demək olar ki, tam sifariş olunmuşdu. Orta hesabla bir turistin 3 gün ərzində bütün xərci 1000 dollar ətrafında qiymətləndirilir. Bu isə əlavə olaraq 10 milyon dollar ölkəyə gəlirin gəlməsi deməkdir.
Bunlar birbaşa iqtisadi mənfəət sayılır. Amma birbaşa iqtisadi mənfəətdən başqa dolayısı iqtisadi mənfəət də mövcuddur. Məsələn, xarici investisiyaların cəlb olunması. Xarici investorların investisiya qərarları həmişə bir neçə göstəricinin məcmusu əsasında reallaşır. Bunlar- ölkə nə dərəcədə təhlükəsizdir, beynəlxalq arenada nə dərəcədə tanınır, müasir meyllər bu ölkədə necə təmsil olunur, kontingent necedir, hökumət etibarlə tərəfdaşdırmı və s. göstəricilərdir. Belə mötəbər yarışların keçirilməsi bu sadaladığım göstəricilərin təmin olunmasını bütün dünyaya nümayiş etdirir. Bu isə xarici investisiyaların daha intensiv cəlb olunması, onların özləri ilə bərabər müasir texnologiyaları gətirməsi və bütün bunların nəticəsi kimi iqtisadiyyatın inkişaf edərək əhalinin sosial rifahının yaxşılaşması ilə nəticələnir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB