VƏLİ MÜƏLLİMƏli Həsənov: "Cəmiyyətdə şəffaf müzakirə mühiti yaradılmalıdır"

VƏLİ MÜƏLLİMƏli Həsənov: "Cəmiyyətdə şəffaf müzakirə mühiti yaradılmalıdır"

"İnsan hüquqları həddi olan, hüdudu olmayan bir anlam, prosesdir". SİA-nın xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Milli Məclisdə keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

Ölkəmizdə istehlakçıların hüquqlarının qorunmasından danışan Prezidentin köməkçisi söyləyib ki, bu yaxınlarda Azərbaycan Prezidenti sahibkarlıq subyektlərində 2 illik yoxlamaların aparılmasını qadağan edib: "İstehlakçılarla yanaşı istehsalçıların da hüquqları qorunmalıdır. Təsvir edin ki, heç kim tərəfindən tanınmayan adam böyük bir klinikaya girərək bildirir ki, mən buranı bağlayıram, çünki yoxlayacam. Bu rakursdan baxanda istehsalçıların da hüquqlarının müdafiəsinə ehtiyac var. İddia etmirəm ki, Azərbaycanda bu sahə ilə məşğul olan təşkilat və qurumların hamısı bu vəziyyətdədir. Lakin bilirik ki, belələri də var. Bundan istifadə edən işbazlar QHT adı ilə müəssisələrə gedib, yanğın təhlükəsizliyindən tutmuş, istehlakçıların hüquqlarının müdafiəsinə qədər yoxlamalar aparırlar".

Ə. Həsənov qeyd edib ki, QHT-lərin, medianın fəaliyyətin şəffaflıq olmalıdır: "Bu gün reketçiliklə məşğul olan jurnalistlər az deyil. Bunu siz də bilirsiz. Bu yaxınlarda nazirlərdən biri açıq-aşkar zəng edib deyir ki, filan qəzet məni təhdid edir, böhtan yazır. Həmin şəxsə deyirəm ki, məhkəməyə müraciət et. O da qeyd edir ki, işimi buraxıb məhkəməyə gedim? Baxmayaraq ki, həmin reket jurnalistin üzərində 15 məhkəmə qərarı var lakin o, əməlindən əl çəkmir. Bu anlamda insan hüquqları sözün həqiqi mənasında ictimai davranış normasının dolğunluğundan, təkmilliyindən asılıdır. İctimai davranış normaları hamımızın qanun səviyyəsinə çıxardığımız, normal sayılan davranış qaydalarıdır. Jurnalistin, millət vəkilinin, satıcının və digərlərinin davranış qaydaları var. Davranış normalarının ortaq xətti məhz insan hüquqlarının təmin olunması üçün dolğun şəraitin yaradılmasıdır. Biz icra orqanları maksimum şəkildə qanunlarda təsbit olunmuş, eləcə də təsbit olunmamış vətəndaşlardan gələn fikirləri ümumiləşdirib, cəmiyyətin dolğun idarəçilik ilə bağlı məsələləri həll etməyə çalışırıq. Məhkəmə hakimiyyəti müvafiq olaraq vətəndaşların məhkəməyə, həm icra, həm də qanunvericilik strukturuna, eləcə də QHT-lərə şikayət etmək hüququnu dolğun təmin etməlidir. Ümumiyyətlə, cəmiyyətdə şəffaf müzakirə mühiti yaradılmalıdır. Düşünürəm ki, parlamentin bu təşəbbüsünün gələcəyi var və bunu davam etdirmək lazımdır. Biz hər şeyi görməsək də, müvafiq olaraq dövlət strukturları və cəmiyyətdə daxil olan müraciətləri yoxlayır, cəmiyyətin ehtiyaclarını təmin etmək üçün təşəbbüslər irəli sürürük. Əsas odur ki, hakimiyyətin iradəsi ortadadır".

Bütün xəbərlər Facebook səhifəmizdə