Millət vəkili: “Almaniyanın bu addımı başa düşülən deyil” AÇIQLAMA

Millət vəkili: “Almaniyanın bu addımı başa düşülən deyil” AÇIQLAMA

"Tarixi yenidən tədqiq etmək, ona qiymət vermək siyasətçilərin işi deyil, bununla tarixçilər məşğul olmalıdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, AŞ PA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova deyib.

Almaniya parlamentində qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı qərarın qəbul olunmasının qeyri-obyektiv olması ilə yanaşı, tarixi faktların təhrif olunmasının, tarixin siyasi manipulyasiya vasitəsinə çevrilməsinin və ədalətsizliyin göstəricisi olduğunu deyən millət vəkilinin sözlərinə görə, tarixin saxtalaşdırılması, onun qeyri-obyektiv təhlil edilməsi tamamilə yolverilməzdir və bu, heç bir dövlətə başucalığı gətirmir. Bu gün Avropanın həllini gözləyən kifayət qədər böyük problemlərinin olduğunu söyləyən AŞ PA-nın komitə sədri deyib ki, terrorizmin genişlənməsi, qaçqın və miqrant axınının durmadan artması, multikulturalizm və tolerantlıq mühitinin faktiki olaraq ciddi təhlükə qarşısında qalması və s. belə mənfi tendensiyaların aradan qaldırılmasına çalışmaq əvəzinə Avropa İttifaqının aparıcı dövləti olan Almaniyanın bu cür xırda və cılız maraqlar arxasınca getməsi başa düşülən deyil.

"Bir sıra Qərb dövlətlərinin belə bir addım atması beynəlxalq münasibətlər sistemində gərginlik yaradacaq. Əgər Almaniya, Fransa və bu kimi digər böyük dövlətlər ədalət axtarışında, həqiqət sorağındadırlarsa, onda əsl həqiqətlərin ortaya çıxarılması üçün Türkiyə dövlətinin əməkdaşlıq təklifinin Ermənistan tərəfindən qəbul olunması yönündə çağırışlar etməlidirlər. Bu gün Qərb dövlətləri soyqırımları axtarışına çıxıblarsa, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarına qiymət versələr daha ədalətli olardı. Ermənistan dövləti Türkiyənin arxivlərin açılması və iddiaların birgə komissiya vasitəsilə araşdırılması yönündəki təklifindən boyun qaçırır. Çünki ermənilər çox gözəl dərk edirlər ki, tarixdə belə bir fakt yoxdur. Tarixi saxtalaşdırmaq, onu siyasi məqsədlər naminə manipulyasiya vasitəsinə çevirmək cəhdləri isə heç bir nəticə verməyəcək" - deyə, S.Qafarova bildirib.

Millət vəkili vurğulayıb ki, Almaniya kimi bir dövlətin qanunverici orqanının bu cür zərərli, heç kəsə faydası olmayan oyunlarda iştirak etməsi hər şeydən əvvəl bu ölkənin özünün nüfuzuna böyük zərbədir".

Bütün xəbərlər Facebook səhifəmizdə