Beynəlxalq elmi konfrans keçirilib

Beynəlxalq elmi konfrans keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə "Sədi Şirazi dünyası" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə İran İslam Respublikasının Azərbaycandakı səfirliyi və İran Mədəniyyət Mərkəzindən nümayəndələr, Təbriz Universiteti və AMEA-nın elmi müəssisələrindən alimlər iştirak edib.

Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli dərin tarixi köklərə malik Azərbaycan-İran əlaqələrindən söz açıb. Bu münasibətlərin inkişafı üçün bü gün də mühüm addımlar atıldığını, uğurlu siyasət həyata keçirildiyini deyib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin hələ Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi dövrdən başlayan Azərbaycan-İran siyasətinin dayanıqlı şəkildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla irəli aparılması bunun mükəmməl nümunəsidir. Akademik vurğulayıb ki, İranın ali rəhbərləri də hər iki ölkə arasında əlaqələrin inkişafına geniş meydan açır və böyük dəstək verir.

Azərbaycan və İran arasında digər sahələrdə olduğu kimi təhsil, elm və mədəniyyət sahələrində də əlaqələr durmadan genişlənir. Bu əlaqələrin inkişafında AMEA-nın özünəməxsus payı var. Bu gün İranlı doktorantlar AMEA-da tədqiqat işləri aparır, elmlər doktoru adı alırlar. Eyni zamanda Akademiyanın bir çox institutlarında İranla bağlı genişmiqyaslı elmi araşdırmalar aparılır, məqalələr dərc edilir, kitablar nəşr olunur. Akademik İ.Həbibbəyli Ədəbiyyat İstitutunun bu istiqamətdə fəaliyyətini xüsusi qeyd edib.

Farsdilli ədəbiyyatın nəhəglərindən olan Sədi Şiraziyə həsr olunmuş konfransın AMEA-da ilk dəfə 2002-ci ildə keçirildiyini xatırladan alim, illər sonra bu gün ikinci belə bir böyük konfransın təşkil olunduğunu deyib. Alim bildirib ki, Sədi Şirazi əsərlərində İslam fəlsəfəsindən gələn motivlər və dünya hikmətləri ilə birgə mükəmməl bir əxlaqi mənəviyyat xəzinəsi formalaşdırıb: "Fars dilinin poeziya əzəmətini dünyaya göstərən S.Şirazi həyatın elə bir sahəsi yoxdur ki, ona aid ən yüksək fikri və bəşəri düşüncəni ifadə etməsin. O, İran dövlətinin iftixarı, bütün dünyanın isə sərvətidir".

İ.Həbibbəyli yazıçı-dramaturq C.Məmmədquluzadənin fikirlərini səsləndirib: "Şərq aləmində iki böyük sima vardır ki, onlar deyilməmiş söz qoymayıb. Fars dilində S.Şirazi, türk dilində M.Fizuli".

Tədbirdə çıxış edən İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilk olaraq böyük fars şairi və mütəfəkkiri Sədi Şiraziyə həsr olunan konfransın təşkilatçılarına dərin təşəkkürünü bildirib. Şairin məşhur "Bəni-Adəm" şerindən misralar səsləndirən diplomat onun bəşəri bir şair olduğunu deyib: "Əslində qərblilərin qəlbini oxşayan, onları cəlb edən Sədinin əxlaqi təlimləridir. Bu da insanı sevmək, onun ləyaqətini ucaltmaq məqsədi daşıyır. Ona görə biz Sədini dünyaya məxsus, bəşəriyyətə aid mütəfəkkir adlandırsaq, yanılmarıq".

Şairin dünya ədəbiyyatı xəzinəsinin incilərindən sayılan "Gülüstan" və "Bustan" əsərlərinin ilk dəfə avropa dillərinə 1634-cü ildə tərcümə olunduğunu bildirən səfir dahi mütəfəkkir haqqında dünya yazıçılarının fikirlərini səsləndirib.

Konfransda çıxış edən İran Mədəniyyət Mərkəzinin rəhbəri İbrahim İbrahimi Şərq poeziyasının görkəmli nümayəndəsi Sədi Şirazi haqqında düşüncələrini bölüşüb. Azərbaycan və İranın yaradıcılıq mərkəzlərinin mədəni və humanitar sahələrdə fəaliyyətindən, rəhbərlik etdiyi mərkəzin həyata keçirdiyi tədbirlərdən danışıb.

Daha sonra konfrans AMEA-nın Dilçilik İnstitutunun direktoru, müxbir üzv Möhsün Nağısoylu, filologiya üzrə elmlər doktoru Mahirə Quliyeva, filologiya üzrə fəlsəfə doktorları Lalə Əlizadə və Könül Hacıyeva, Təbriz Universitetinin Ədəbiyyat fakültəsinin professorları Mohəmməd Mehdipur və İbrahim İqbalipurun Sədi Şirazinin yaradıcılığına dair məruzələri ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə