Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurası İsmayıllı rayonunda "Multikultural dəyərlər və azərbaycançılıq" mövzusunda regional müşavirə keçirib. Müşavirədə YAP-ın Şirvan zonası üzrə yerli təşkilatlarının qadın üzvləri, Milli Məclisin deputatları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Sonra qonaqlar məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar.

Müşavirədə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək bildirib ki, Azərbaycan təkcə əhalisinin etnik zənginliyi ilə deyil, həm də bütün xalqlara hörmətlə yanaşılması, onların sülh və firavan şəraitdə birgə yaşaması ilə dünya ölkələrinə nümunə göstərir.

YAP Qadınlar Şurasının sədri, partiyanın idarə heyətinin üzvü Nurlana Əliyeva qeyd edib ki, ulu öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multikultural dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və dövlətçilik prinsipləri baxımından mənəvi, siyasi birliyini əlaqələndirir.

Konfransda çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova və başqaları vurğulayıblar ki, ölkəmizdə müxtəlif dini konfessiyalar əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Milli azlıqların dilinə, dininə, mədəniyyətinə hörmətlə yanaşılır. Bu mənada Prezident İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə "Multikultruralizm ili" elan edilməsi dünya dövlətlərinə bir mesajdır. Diqqətə çatdırılıb ki, bu uğurlu siyasət nəticəsində multikulturalizm Azərbaycanda həyat tərzinə, xalqımızın üçün mühüm demokratik dəyərə çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB