Musa Quliyev: “YAP böyük uğurlara imza atıb” AÇIQLAMA

Musa Quliyev: “YAP böyük uğurlara imza atıb” AÇIQLAMA

"Ümumiyyətlə Yeni Azərbaycan Partiyasına (YAP) inamın olması ilk növbədə Ümummilli Lider Heydər Əliyevin xalqa inamından doğurdu. Sonrakı mərhələlərdə isə partiya artıq iqtidara gəldi. Nizamnaməsində, Proqramında irəli tutduğu bütün müddəalara partiya olaraq YAP daimi, dönmədən əməl edir və həqiqətən də xalqın partiyasıdır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.

Millət vəkilinin sözlərinə görə, artıq üzvlərinin sayı 700 min nəfərə çatan YAP təkcə Azərbaycanın deyil, eləcə də regionun ən böyük partiyasıdır: "Bu onu sübut edir ki, hakim partiya doğurdan da xalqın partiyasıdır və Azərbaycan vətəndaşları arasında çox böyük nüfuza malik, heç bir digər siyasi qüvvələrlə rəqabətə girməyən dərəcədə böyük bir siyasi qüvvədədir. Eyni zamanda partiya dünyanın bir çox ölkələrinin aparıcı partiyaları ilə sıx əməkdaşlıq edir, təcrübə mübadiləsi aparır. Fərəhverici haldır ki, bir çox dünya ölkələrinin iqtidar partiyaları həm YAP-ın Nizamnamə, Proqramlarında nəzərdə tutulan müddəaları öyrənir, həm də onun təcrübəsini tətbiq edir".

M.Quliyev əlavə edib ki, YAP beynəlxalq əməkdaşlıq sahəsində böyük uğurlara imza atıb: "Hakim partiya özünün iştirakı, təşkilatçılığı ilə böyük tədbirlər həyata keçirir. Partiyanın üzvlərinin böyük əksəriyyətini gənclər təşkil etməsi isə o deməkdir ki, YAP müasirləşən, daimi yeniləşən bir siyasi qüvvədir".

Bütün xəbərlər Facebook səhifəmizdə