Ailə Məcəlləsinə dəyişiklik layihəsi müzakirə edilib

Ailə Məcəlləsinə dəyişiklik layihəsi müzakirə edilib

Bu gün Milli Məclisin Ailə, Qadın və uşaq məsələləri, Əmək və sosial siyasət, Gənclər və idman komitələrinin birgə iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda Ailə Məcəlləsinə dəyişiklik layihəsi müzakirə edilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə daxil olan dəyişiklik layihəsinə əsasən, Azərbaycanda ailələrin boşanmasından sonra uşaqların hansı valideynin yanında qalması və aliment işini məhkəmə həll edəcək.

Müzakirələrdə qeyd edilib ki, Məcəllənin 22.2.1-ci maddəsi yeni redaksiyada verilir. Belə ki, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməli, əgər uşaq həmin valideynin yanında deyildirsə, onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi həll edilməlidir.

İclasda həmçinin, Məcəllənin 23.3-cü maddəsinə əlavələr edilməsi məsələsinə də baxılıb. Əlavəyə görə, "çıxarışı" sözündən sonra "nikahın pozulmasının dövlət qeydiyyatı üçün" sözləri əlavə edilib. Eyni zamanda, 112.1-ci maddəyə "bu qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir" cümləsi əlavə edilib.

Həmçinin, Məcəllənin 180.1 və 180.2-ci maddələri yeni redaksiyada verilib:

180.1. Müvafiq icra hakimiyyəti orqanı nikahın pozulması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqdan sonra nikahın pozulmasını dövlət qeydiyyatını aparır.

180.2. Nikahın pozulması qeydə alındıqdan sonra bu barədə şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər.

Qeyd edək ki, Məcəlləyə təklif edilən dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə