"Şəhidlik ölümlərin ən şərəflisidir" Məqalə

"Şəhidlik ölümlərin ən şərəflisidir" Məqalə

Xalqımızın müstəqillik tarixi məhz şəhidlərimizin adı ilə bağlıdır. Yaxın keçmişdə bu qanlı tarix bir daha yazıldı. Aprel ayında yenidən alovlanan düşmən təxribatının qarşısını qəhrəman Azərbaycan ordusu, qəhrəman əsgər və zabitlərimiz vaxt itirmədən aldı. Düşmənə layiqli cavab verildi. Ordumuz onlara sarsıdıcı zərbələr vurdu və təmas xəttində üstünlük əldə edə bildi. Azərbaycan ordusu Cənubi Qafqazın ən döyüşkən ordusu olduğunu əyani sübut edərək, kənar müdaxilə olmasa, hər an ərazi bütövlüyünü bərpa etmək əzmini və gücünü göstərdi. Hər kəs fəxr ilə paylaşdı döyüş səhnələrini. İnsanlar meydanlarda bayraq qaldırıb Vətən sağ olsun şüarları səsləndirdilər. Bayraqlar eyvanlarımızı, yollarımızı, meydanlarımızı bəzədi. Əyilmədik sınmadıq. Xalqımız dar ayaqda özünü itirmədi, bütünlüklə ayağa qalxdı. Şəhidləri qarşılamağa minlərlə insan səfərbər oldu.

Qeyrətli xalqımız qürurla şəhidlərin bayrağa sarılan tabutlarını çiyinlərində daşıdılar. Dəfn mərasimlərində şəhid verən ailələr daha da güclü görünürdü. Düşməni sevindirməmək üçün toplum içində ağlamadılar,mətanət göstərdilər. Gözlərindən süzülən damla yaşları silib, özünü toplayıb , əvvəlkindən də dik dayandılar. Şəhidini dəfn edib Azərbaycan bayrağını sinəsinə basıb təki Vətən sağ olsun deyən ataları gördük. Oğul, qardaş, ər itirən solğun gözlərdə bir fəxarət canlanırdı əksinə bizlər bu qürurun qarşısında kövrəldik. Dərk elədik ki, haqq olan və dəyişməyən bir məqam var. O da Şəhidlik zirvəsidir. Ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, xalqımızın şərəf və ləyaqəti uğrunda canından keçənlər ölümsüzlüyün zirvəsinə ucaldılar. İndi onlar şərəflə yatır o torpaqda! Bizə Əmanət verdikləri doğma Vətən torpağında! Allahın insanlara göndərdiyi müqəddəs "Qurani-Kərim"də buyurulur: "Şəhidlərə ölü deməyin, onlar diridirlər və Allahın nemətləri ilə faydalanırlar, ancaq siz bunu bilmirsiniz".

Şəhidlik ölümlərin ən şərəflisidir. Şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrum sayılar. Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz. Azadlığı qanı ilə, canı ilə qazanmayan xalq hər vaxt kölə kimi yaşayar. Müstəqil Azərbaycanımızın torpaqlarına göz dikən düşmənlər bilməlidirlər ki, xalqımızın igid övladları, qüdrətli milli ordumuz xalqla birlikdə ayağa qalxıb, öz torpaqlarını azad edəcək, müqəddəs şəhidlərin ruhları qarşısında öz vicdan borclarını verməklə zəfər marşını çalacaqlar. O günə çox qalmayıb.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü Flora Ələsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə