Siyavuş Novruzov: “İtkin düşən azərbaycanlıların siyahısı İnterpola göndərilməlidir”

"İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatını təqdirəlayiq hesab edirəm. Hesabatda bütün məlumatlar ətraflı şəkildə öz əksini tapıb". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun 2015-ci ilin hesabatının müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, istənilən şəxs, eləcə də millət vəkilləri Azərbaycanda insan alveri ilə bağlı bütün proseslərdən geniş şəkildə məlumatlıdır: "Çünki bu cəmiyyətdə yaşayırıq və baş verən hadisələri müxtəlif mətbuat orqanlarından alırıq. Ölkəmizdə buna qarşı aparılan mübarizəni, İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun fəaliyyətini yüksək qiymətləndirirəm. Onlara gələcək işlərində uğurlar arzu edirəm".

S. Novruzovun sözlərinə görə, dünyada baş verən hadisələr Azərbaycanda da təsirsiz ötüşmür: "Dünyada qaçqın axını, müharibələr, istiqadi böhran və digər amillər insan alverinin çiçəklənməsinə şərait yaradan əsas amillərdir. Azərbaycan dünyanın bir hissəsi olduğu üçün ölkəmiz də bunlardan kənarda qalmır. Bu sahədə nə qədər insanın fəaliyyət göstərdiyini dəqiq bilmirəm. Amma hesab edirəm ki, "İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun işçilərinin sayı çoxaldılmalı və məsələyə olan nəzarət daha da gücləndirilməlidir. Burada uşaq hüquqlarından, onların məcburi əməyə. dilənçiliyə cəlb edilməsindən danışıldı. Biz bu cür hallara gündəlik həyatımızda rast gəlirik. Harda gəlir varsa, orada belə hallar ortaya çıxır. İstər gecə, istərsə də gündüz onlara rast gəlmək mümkündür. Belə halların qarşısının alınması üçün koordinatorun işçilərinin sayı çoxaldılmalıdır. Digər məsələ bu cür insanlarla bağlı reabilitasiya mərzkələrinin açılmasıdır. Bizdə bu cür mərkəzlər var. Lakin onların sayı artırılmalıdır. Tez-tez televiziyalarda yayımlanan verilişlərdə sahibsiz uşaqların tapıldığını görürük. Onlar həmin uşaqları müəyyən sığınacaqlara yerləşdirməyə çalışırlar ki, orada yaşasın və təhsillərini davam etdirə bilsinlər. Hesab edirəm ki, bu işə həm Əmək və Əhalinin Sosial Müdafiəsi, həm Təhsil Nazirliyi, həm də digər sturukturların nümayəndələri cəlb edilməlidir. Belə uşaqların cəmiyyətə qoşulması, uyğunlaşması üçün müvafiq addımlar atılmalıdır. Buna geniş ehtiyac var. Əsas məsələ təbliğatdır. Bütün televiziya kanalları və saytlar bu məsələyə xüsusi diqqət yetirməlidir. İnsanlar başa salınmalı, onlara öz hüquqları öyrədilməlidir. Sosial reklamların, verilişlərin sayı artırılmalıdır. Efirdə xörək bişirməkdən, başqa verilişlər təqdim etməkdənsə, bu cür insanların hüquqları və onların belə hallarda hara müraciət etmələri ilə bağlı təbliğat aparılmalıdır".

Millət vəkili itkin düşənlərlə bağlı məsələyə də toxunub: "Bu yaxınlarda hansısa mətbuat orqanında bir sıra xarici ölkələrdə Ermənistandan əsir düşmüş azərbaycanlıların daxili orqanlarının satılması haqqında məlumat oxudum. Orada hətta həmin insanların adları da qeyd edilmişdi. I Qarabağ müharibəsində, eləcə də sonradan itkin düşənlərin siyahısı hazırlanıb BMT-yə, İnterpola və digər təşkilatlara təqdim olunmalıdır ki, onların axtarışları daha da gücləndirilsin. Bununla bağlı Azəraycanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası var. Hesab edirəm ki, əsir və itkin düşmüşlərin bir çox hissəsi insan alverinin qurbanlarıdır. Bu gün Suriyada itkin düşənlər var və onların böyük hissəsi insan alverinin qurbanına çevirilirlər. Onların bir çoxunun daxili orqanların satılır və ya işsizliklə əlaqədar olaraq yetkinlik yaşına çatmayan qızlar əsir götürülərək müxtəlif ölkələrə satılır. Buna görə işimizi möhkəm qurmalıyıq. Bu işlə təkcə hüquq mühafizə orqanları deyil, bütövlükdə cəmiyyət məşul olmalıdır. Cəmiyyət bu işdə dəstək olmalı, bu cür məlumatlar olduğu halda, hüquq mühafizə orqanlarına çatdırılmalıdırlar. Bir daha bildirirəm ki, "İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatı yaxşı hazırlanıb. Həmkarları səs verməyə çağırıram".

Bütün xəbərlər Facebook səhifəmizdə