Vilayət Eyvazov: "Azərbaycanda insan alveri 22 faiz artıb"

"İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun "Qaynar xətt" telefon xidmətinə daxil olan 13 000-dən çox müraciət araşdırılıb və hər biri üzrə qanunla müəyyən edilən tədbirlər görülüb". SİA-nın xəbərinə görə, bunu daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazov qurumun 2015-ci il üzrə hesabatını məruzə edərkən deyib.

O bildirib ki, Azərbaycanda əvvəlki illərlə müqayisədə insan alveri və məcburi əməyə cəlb etmə halları 22 faiz artıb. Onun sözlərinə görə, həyata keçirilən tədbirlərlə 2014-cü illə müqayisədə hesabat ilində 22 faiz çox və ya 108 insan alveri, 8 məcburi əmək və insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlərə dair 11 fakt aşkarlanıb. Bu əməllərə görə 38 şəxs (33 qadın, 5 kişi) cinayət məsuliyyətinə cəlb edilib. İnsan alveri ilə məşğul olan 13 cinayətkar qrup (+4) və 1 mütəşəkkil dəstə (sabit) zərərsizləşdirilib. Müvafiq cinayətlərdə təqsirləndirilərək axtarışa verilən 27 şəxsdən 9-u tutularaq istintaq və məhkəmə orqanlarına təhvil verilib: "Müəyyənləşən 63 qurbandan (57 qadın, 6 kişi) 38-i Türkiyəyə, 8-i Birləşmiş Ərəb Əmirliklərinə, 3-ü Rusiyaya aparılıb, 14 nəfər, o cümlədən 7 əcnəbi ölkə daxilində istismara məruz qalıb (5 Özbəkistan, 1 Türkmənistan və 1 Ukrayna vətəndaşı). Qurbanlardan 51-i sığınacağa yerləşdirilərək hər birinə zəruri yardımlar edilib və təhlükəsizliyi təmin olunub. Bütövlükdə 63 qurbana birdəfəlik müavinət verilib, 42-nə Kömək Fondu tərəfindən maddi yardım göstərilib, 22-i işlə təmin edilib, 31-i peşə kursuna göndərilib.

V. Eyvazov söyləyib ki, həyata keçirilən profilaktik tədbirlərlə 31 qurban ailəsinə qayıdıb, sosial xidmətlə əhatə olunması üçün 51 qurban qeyri-hökumət təşkilatlarına istiqamətləndirilib. 56 qurbana hüquqi və psixoloji yardım, həmçinin 16 qurbana tibbi xidmət göstərilib. 13-ü şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunub. Qurbanların himayəsində olan 29 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilib, 2 uşağın atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 11 uşağa doğum şəhadətnaməsinin alınmasında köməklik göstərilib, 7-i müvəqqəti sığınacağa yerləşdirilib. Azərbaycanda ötən il ərzində 450 azyaşlının küçə həyatına məruz qalması, dilənçiliyə və qeyri-qanuni qulluğa cəlb edilməsi faktı aşkarlanıb. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olması təsdiqlənməyib. Lakin övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 200-dən artıq valideyn barəsində inzibati məsuliyyət tədbirləri görülüb".

Bütün xəbərlər Facebook səhifəmizdə