Fuad Muradov: "Azərbaycanda gənclərin fəaliyyətinə hər cür şərait yaradılıb"

"Bütün cəmiyyətlərdə gənclərə verilən qiymət deyərdim ki, gənc nəslin özünə əminlik yaradır. Azərbaycan dövləti gənclərin cəmiyyətin bütün sferalarında fəaliyyətlərinin təmin olunması üçün hər şəraiti yaradıb". Bu fikirləri Azərbaycan Respublikası Parlamentinin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində "Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclərin iştirakı: Nəsillər və sahələr arasında tərəfdaşlıq əlaqələrinin həlledici rolu" mövzusunda keçirilən paneldə səsləndirib.

Deputat bildirib ki, statistik göstəricilərə görə, Azərbaycan əhalisinin 28 faizini gənclər təşkil edir: "Gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin etmək məqsədilə dövlət gənclər siyasəti hazırlanıb və müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Gənclər siyasətinin əsas istiqamətləri "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununda öz əksini tapır ki, burada da gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, onların sağlamlığının qorunması və fiziki inkişafı, məşğulluğunun təmin edilməsi, gənclər təşkilatlarına dövlət yardımı, həmçinin gənc ailələrə dövlət yadımı nəzərdə tutulub. Ölkəmizdə 1997-ci ildən etibarən "Gənclər günü" qeyd edilir. Bu da biz gənclərin həyatında mühüm, əlamətdar hadisədir. Bir sözlə, onu ifadə etmək istərdim ki, Azərbaycan hökuməti daima gənclərin yanındadır, onların problemlərinin həlli üçün çalışır, cəmiyyətə inteqrasiyası üçün əlindən gələni edir. Prezident İlham Əliyevin bu yöndə sərəncamları, fərmanları hər bir gənc tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir".

Fuad Muradov həmçinin onu da diqqətə çatdırıb ki, erməni qəsbkarları 20 ildən artıq zamandır ki, Azərbaycanın ərazi bütövlüyünü pozub və sülhün bərqarar olmasına mane olur: "Biz çalışırıq ki, öz haqq səsimizi dünya ölkələrində eşitdirək və torpaqlarımızın azad olunması üçün dünya birliyinin dəstəyini qazanaq. Belə olan təqdirdə beynəlxalq layihələrdə iştirakımızı daha da gücləndirmiş olarıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...