BAXCP rəsmisi: “Əli Kərimli özündən qəhrəman obrazı yaradır” MÜNASİBƏT

"Qanunvericiliyə görə, dövlət sirrini yayan istənilən şəxsə qarşı cinayət məsuliyyəti nəzərdə tutulur. Kimliyindən aslı olmayaraq, bu işlə hüquq-mühafizə orqanları məşğul olmalıdır. Digər tərəfdən isə, bu gün Əli Kərimli həm də özünün iki aylıq dövlət katibi vəzifəsini qabartmaqla, sanki Elçibəy hakmiyyətinin məsuliyyətini öz üzərindən atmaq istəyir və əsas məqsədi də budur". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, guya o dövrdə Əli Kərimli iki ay ərzində dövlət katibi çalışaraq böyük işlər görüb, qəhrəmanlıq edib, ordu quruculuğunu həyata keçirib, 21000 Azərbaycan ordusunu yaradıb: "Bir sözlə o bütün fikirləri ilə nağıl danışır. Adama deyərlər ki, bu cür ordu yaratmışdınsa, Sürət Hüseynovun 60 nəfərlik banditinin qarşısından niyə qaçdın?! Qorxundan Bakını da tərk etmişdin. Ən yaxın qohumları belə Əli Kərimliyə yaxın durmur, sahib çıxmırdı. İndi bu adam özündən qəhrəman obrazı yaradır. Bir daha deyirəm, bu cür ordu yaratmışdınsa, niyə qiyam edən banditlərin qarşısını almadın?! Qiyamın qarşısını almaq mümkün idisə, onda Əli Kərimli prezident Elçibəyə xəyanət edib. Sürətin qorxusundan Türkiyədən qayıda bilməyən adamın qəhrəmanlıqdan danışması sadəcə gülüncdür. Özü də çox adam yaxşı bilir ki, Sürət Hüseynov Əli Kərimli haqqında hansı ifadələri işlədib..."

Bütün xəbərlər Facebook səhifəmizdə