Rövşən Rzayev: “Rusiya qvardiyasının Dağlıq Qarabağa aidiyyatı yoxdur” AÇIQLAMA

"Rusiyada yaradılacaq yeni milli qvardiyanın Dağlıq Qarabağa heç bir aidiyyatı yoxdur". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağda rus yoxdur və ora müstəqil Azərbaycanın ərazisidir: "Oraya Azərbaycanın razılığı olmadan heç bir qüvvə gələ bilməz. Çünki bu, mümkün olan məsələ deyil və Rusiyanın daxili işidir. Onların yeni qvardiyanı yaratmaqla nəyə nail olmaq istədikləri yalnız özlərinə məxsusdur. Bircə onu bilirəm ki, bu məsələnin ölkəmizlə heç bir aidiyyatı yoxdur".

Millət vəkili əlavə edib ki, Rusiyanın hərbi qüvvələri olduqca güclüdür: "Bu yeni milli qvardiyanın yaradılması onun imkanlarını bir qədər də gücləndirir".

Qeyd edək ki, Rusiyada Milli Qvardiya yaradılacaq. Bunu Rusiya prezident Vladimir Putin bəyan edib. Onun sözlərinə görə, Daxili Qoşunların bazasında yaradılacaq Milli Qvardiya terrorçuluğa, mütəşəkkil cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparacaq və Daxili İşlər Nazirliyinə tabe olacaq.

V. Putin Narkotiklərə Qarşı Federal Xidmət və Federal Miqrasiya Xidmətinin də Rusiya Daxili İşlər Nazirliyinin tərkibinə verildiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...