“Ələ baxmağı öyrənən Ermənistan vəziyyətdən istifadə etməyə çalışacaq” AÇIQLAMA

"Hazırda Ermənistanda antirus əhval-ruhiyyəsi hökm sürür. Bu, həm mətbuatda, həm də ictimai şüur səviyyəsində özünü qabarıq şəkildə büruzə verir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Ermənistanda Rusiya bayraqlarının yandırılması, Vladimir Putinin təhqir edilməsi məsələsi gündəmdədir: "Düşünürəm ki, bu vəziyyət müvəqqətidir. Çünki, Rusiya hazırda Ermənistanın başını sığallamaqla məşğuldur. Hər iki tərəf bir-birinin xasiyyətinə yaxşı bələd olduğu üçün bu məsələdə vəziyyətin düzəlməsi o qədər də uzun çəkməyəcək. Rusiya indidən Ermənistana daha 5 min nəfər qoşun yeridəcəyi barədə açıqlama verib. Bu, rus əsgərinin ya Gümrü kontingentinin tərkibinə, ya da ayrı bölgəyə göndərilməsi şəklində ola bilər. Bundan başqa Rusiya Ermənistana ya kredit, ya da tamamilə pulsuz şəkildə müasir silah verəcək. Bununla da Ermənistanın silahlandırılması prosesi artırılacaq. Rusiya Ermənistanda onların ordusunun Azərbaycan ordusu səviyyəsinə çatdırılacağı kimi illüziya yaratmağa çalışır. Ermənilərin istədikləri də elə bundan ibarətdir".

Q. Hüseynli vurğulayıb ki, ələ baxmağı öyrənən Ermənistan bu vəziyyətdən də istifadə etməyə çalışacaq: "Hər zaman Rusiyadan pulsuz silah və digər bu kimi yardımlar alıb, ələ baxmağı öyrənən ermənilər sürətlə dəyişərək öz ağaları və qəyyumlarına sadiqlik nümayiş etdirməyə çalışacaqlar. Hesab edirəm ki, iki ölkə arasında yaşanan gərginlik uzun müddətli olmayacaq. Ruslar Ermənistan faktorundan həm Türkiyəyə, həm Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Bu istiqamətdə səylərə artıq başlanılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə