Politoloq: “Azərbaycan beynəlxalq imicini daha da möhkəmləndirdi” AÇIQLAMA

"ATƏT-in Minsk qrupunun məsələyə yanaşması əvvəlkindən prinsipial şəkildə fərqlənəcək". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Politoloq bildirib ki, həqiqətən də cəbhədə baş verənlər tamam yeni reallıqları formalaşdırıb: "Birincisi, dünya gördü ki, regionda vəziyyət kifayət qədər təhlükəlidir və genişmiqyaslı müharibənin başlanması an məsələsidir. Regionda genişmiqyaslı müharibənin başlanması ehtimalları burada kompleks maraqları, xüsusilə də, enerji maraqları olan subyektləri ciddi narahat edir. Bu, onların münaqişənin tezliklə ədalətli tənzimlənməsi məsələsinə daha həssaslıqla yanaşmalarını şərtləndirəcək. İkincisi, Azərbaycan özünü güc kimi təqdim etdi. Ermənistanın hərbi təxribatlarının qısa zaman kəsiyində qarşısını almaqla və bir sıra strateji məntəqələri azad etməklə, Azərbaycan özünün yüksək hərbi potensiala malik olduğunu nümayiş etdirdi. Cəbhədəki son toqquşmalara qədər bir çox hallarda beynəlxalq ictimaiyyət münaqişə vəziyyəti ilə bağlı qeyri-obyektiv mövqe sərgiləyirdi. Hesab edirəm ki, Azərbaycanın özünü real güc kimi təsdiq etməsi beynəlxalq ictimaiyyəti bu güclə hesablaşmağa, yəni, onun ədalətli mövqelərini etiraf etməyə və dəstəkləməyə vadar edəcək. Üçüncüsü, döyüşlərin gedişində Azərbaycan tərəfi özünə həm də ciddi siyasi dividentlər qazandırdı. Bildiyimiz kimi, aprelin 5-də atəşkəs haqqında razılaşma əldə olunmamışdan öncə Azərbaycan birtərəfli qaydada atəşi dayandırmışdı. Lakin Ermənistan tərəfi yenidən təxribatlar törədərək döyüşlərin yenidən başlanmasına səbəb oldu. Bu, bir daha sübut etdi ki, Azərbaycan bütün hallarda münaqişənin dinc, itkisiz tənzimlənməsinin tərəfdarıdır".

Elşad Mirbəşiroğlunun fikrincə, Azərbaycan bununla özünün beynəlxalq pozitiv imicini daha da möhkəmləndirdi: "Ermənistan isə, əksinə, işğalçı, irticaçı dövlət olduğunu qətiləşdirdi. Bütün bu qeyd etdiklərim aydın göstərir ki, münaqişə vəziyyəti ilə bağlı yeni reallıqlar meydana gəlib və bu reallıqlar birmənalı olaraq Azərbaycanın xeyrinədir. ATƏT-in Minsk qrupunun fəaliyyətində bundan sonra kardinal dəyişiklik müşahidə olunmazsa, onda onların vasitəçilik missiyasının tamam dayandırılması məsələsi qoyulmalıdır. Bunu Minsk qrupunun özü də aydın dərk edir. Hesab edirəm ki, ATƏT-in Minsk qrupu ilk öncə işğalçı Ermənistana münasibətində sərt ritorikaya keçməlidir. Əks təqdirdə, ATƏT-in Minsk qrupunun münaqişənin tənzimlənməməsində maraqlı olduğunu söyləmək üçün ciddi əsaslar olacaq. Rusiya XİN başçısının da Azərbaycana səfəri sübut edir ki, vəziyyətin ciddiliyi olduğu kimi dərk edilir. Bu, münaqişənin tənzimlənməsi istiqamətində nəhayət real addımların atılacağı haqqında düşünməyə əsas verir. Bundan sonrakı danışıqlarda Azərbaycan qalib tərəf statusunda çıxış edəcəkdir ki, bu da münaqişənin ədalətli tənzimlənməsi üçün həlledici şərtdir".

Bütün xəbərlər Facebook səhifəmizdə