Deputat: "Beynəlxalq vasitəçilər ədalətli mövqelərini ortaya qoymalıdır"

"Azərbaycan xalqında, Azərbaycan ordusunda böyük ruh yüksəkliyi, döyüş əzmi var" SİA-nın xəbərinə görə, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxış edərkən dilə gətirib.

O bildirib ki, xalqımız ölkə başçısının, Azərbaycan dövlətinin bu istiqamətdə apardığı siyasəti müdafiə edir və dəstəkləyir: "Heyf ki, atəşkəs tez bərpa olundu. Kaş ki, bu addım ordumuz daha çox ərazilərimizi işğaldan azad etdikdən sonra atılaydı. Ermənilərin havadarları atəşkəsin tez bir zamanda bərpa olunmasına çalışdılar. Bütün bunlara baxmayaraq, Azərbaycan vətəndaşı kimi ordumuzun əldə etdiyi uğurlarla fəxr edirəm".

V. Əhmədov qeyd edib ki, son günlər əldə olunan uğurlu hərbi əməliyyatlar danışıqlar prosesində Azərbaycanın mövqelərini gücləndirməklə yanaşı, ölkəmiz üçün əlavə imkanlar yaradacaq: "Artıq münaqişə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin tələblərinə uyğun olaraq danışıqlar yolu ilə öz ədalətli həlli tapmalıdır. Beynəlxalq vasitəçilər ədalətli mövqelərini ortaya qoymalı, Ermənistanı sülhə məcbur etməlidirlər. Yoxsa, münaqişə yenidən alovlanacaq, Azərbaycan xalqı digər vasitələrdən istifadə etməklə öz ərazilərini erməni işğalından azad edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə