Azərbaycan Türk Kültür Dərnəyi Ermənistanın təxribatlarını qınayır

Azərbaycan Türk Kültür Dərnəyi Hollandiyada yaşayan azərbaycanlılar adından bəyanat yayıb. SİA-nın məlumatına görə, bəyanatda aprelin 1-dən 2-ə keçən gecədən başlayaraq erməni hərbi qüvvələrinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində azərbaycanlıların yaşadığı kəndləri iri çaplı artilleriya ilə atəşə tutması nəticəsində dinc sakinlərin həlak olması faktı pislənilib.

Bəyanatda ermənilərin 24 ildən çoxdur ki, azərbaycanlılara qarşı həyata keçirdiyi təcavüzkarlıq siyasəti qınanılıb və bildirilib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır. "Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, 1 milyona yaxın Azərbaycan vətəndaşı öz doğma torpaqlarından didərgin salınmış, 20 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 50 mindən artıq insan əlil olmuşdur. Azərbaycanın mülkiyyətində olan 890 yaşayış məntəqəsi, 150 min ev, 7 min inzibati bina, 693 məktəb, 855 uşaq bağçası, 695 sağlamlıq mərkəzi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 9 etnoqrafik əhəmiyyətli tarixi yer, 464 tarixi abidə və mu-zey məhv edilmişdir. Azərbaycanın münaqişəni sülh və danışıqlar yolu ilə həll etmək istəyinə baxmayaraq, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe qarşıdurmanın sülh yolu ilə həllinə imkan vermir"-deyə bəyanatda bildirilir.

Azərbaycan Türk Kültür Dərnəyi beynəlxalq ictimaiyyəti Ermənistanı dinc və günahsız insanların qətlinə səbəb olan təxribatlardan çəkindirmək üçün tədbirlər görməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə