Əli Əhmədov: “Vasitəçi bir qayda olaraq tərəfsiz olmalıdır” AÇIQLAMA

Əli Əhmədov: “Vasitəçi bir qayda olaraq tərəfsiz olmalıdır” AÇIQLAMA

"Azərbaycan bütün qonşuları ilə (Ermənistan istisna olmaqla) normal münasibətlərin qorunmasında, saxlanılmasında maraqlıdır". SİA-nın məlumatına görə, bu gün jurnalistlərə açıqlamasında Baş nazirin müavini, YAP-nın Sədr müavini, İcra katibi Əli Əhmədov deyib.

YAP-ın Sədr müavinin sözlərinə görə, eyni zamanda Azərbaycan Rusiya ilə münasibətlərin bu cür qorunub saxlanılmasına üstünlük verir: "Digər tərəfdən Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Bu mənada həmçinin Rusiyanın hakimiyyətə yaxın olan mətbuat orqanlarında, yumşaq şəkildə desək, anti-Azərbaycan mövqeyinin sərgilənməsinin, sadəcə olaraq, mənasını başa düşmək mümkün deyil. Vasitəçi bir qayda olaraq tərəfsiz olmalıdır. Münaqişə olan tərəflərin hər hansı birinə xüsusi münasibətini göstərməkdən çəkinməlidir. Amma bəzi hallarda biz bunun əksini görürük.

Ə.Əhmədov əlavə edib ki, bu münaqişənin indiyədək nizama salınmamasının çox mühüm səbəblərindən biri də Minsk qrupunun öz üzərində düşən vəzifəni layiqincə yerinə yetirə bilməməsi olub: "Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev bununla əlaqədar təkcə Prezident olaraq deyil, həm də Azərbaycan cəmiyyətinin mövqeyini çox gözəl ifadə etdi. Əgər Minsk qrupu indiyədək ədalətli mövqe tutsaydı, işğalçı ilə işğal olunanın, işğala məruz qalanın hər ikisini eyni bir tərəzinin gözünə qoymağa çalışmasa idi, yəqin ki, münaqişə aradan qalxardı. İndi də Cənubi Qafqazda çox ciddi gərginliyə gətirib çıxaran qarşıdurma olmazdı. Hesab edirəm ki, bütün bunların hamısı vacib nəticələrdir ki, Azərbaycan hökuməti bundan özü üçün nəticələr, dərslər çıxaracaq. Təbii ki, bundan sonra həyata keçiriləcək siyasətdə bunlar nəzərə alınacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə