Millət vəkili: "ABŞ-Azərbaycan əlaqələri regionun inkişafına xidmət edəcək" AÇIQLAMA

"Dünyada gedən qlobal dəyişikliklər, regionda baş verən siyasi hadisələr zamanı Azərbaycan iqtisadiyyatının daha da müasirləşdirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, biznes mühitinin yaxşılaşdırılması fonunda dövlət başçımızın ABŞ-a səfəri və bu səfər zamanı keçirdiyi görüşlər həm miqyas olaraq, həm də keyfiyyətcə çox mühüm əhəmiyyət daşıyır". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

O qeyd edib ki, ABŞ-ın vitse-prezidenti Co-Baydenin iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsi, əlaqələrin yeni səviyyəyə qaldırılması, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləməsi, bunun Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət daşıdığı ilə bağlı söylədiyi fikirlər hər iki ölkə arasında fundamental əlaqələrin möhkəm zəmində və qarşılıqlı ehtiram əsasında inkişaf etdiyini göstərir.

Deputat əlavə edib ki, ABŞ dövlət katibi Con Kerrinin Azərbaycanın sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə, Avropanın uzunmüddətli strateji maraqları naminə "Cənub Qaz Dəhlizi" layihəsi kimi ciddi bir addım atdığına görə dövlətimizin başçısına minnətdarlıq etməsi, ölkəmizin qlobal və regional səylərinin Birləşmiş Ştatlar tərəfindən yüksək qiymətləndirildiyinin əyani sübutudur.

"Prezident İlham Əliyevin ABŞ-ın "Export-İmport" Bankının sədri, "General-Electric" şirkətinin vitse-prezidenti ilə görüşləri, bu görüşlərdə Azərbaycanda son iqtisadi islahatlar paketinə uyğun olaraq yeni imkanların yaranması, bunun regional əhəmiyyəti və miqyasının müzakirə olunması, ABŞ iqtisadi strukturlarının bu prosesdə aktiv iştirakının hər iki ölkənin maraqları dairəsində olduğunun vurğunlanması birgə yeni iqtisadi layihələrin həyata keçirilməsi imkanlarından xəbər verir", -deyən millət vəkili ABŞ-Azərbaycan münasibətlərinin 25 illik mühüm tarixinin olduğunu vurğulayaraq, bu səfərlə əlaqələrin strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatdığını bildirib.

Millət vəkili deyib ki, ABŞ dünyada həm də müasir texnologiya, ideya və innovasiyalar ixracatcısıdır. O vurğulayıb ki, ABŞ-Azərbaycan əlaqələrinin strateji səviyyəyə qalxması, Azərbaycan Prezidentinin bu istiqamətdə uğurlu görüşləri regionun daha da müasir və texnoloji inkişafına xidmət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə