20 fevral 2016-cı ildə "Gənclərin Elmi Araşdırmalarına Dəstək" (GEAD) İctimai Birliyində "Xocalı soyqırımı" hadisələrinin 24-ci ildönümü ilə əlaqədar olaraq "Xocalı soyqırımı: səbəb və məqsədlər" mövzusunda elmi seminar keçirilib. Seminarın qonağı Azərbaycan Dillər Universitetinin müəllimi, tarix elmləri üzrə fəlsəfə doktoru Ramin Quliyev olub. SİA-nın məlumatına görə, seminarı giriş sözü ilə açan GEAD İctimai Birliyinin sədri dosent Məmmədəli Babaşlı seminar iştirakçılarını "Xocalı faciəsi"ndə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib. Daha sonra M.Babaşlı "Xocalı faciəsi"nin erməni daşnaklarının son iki əsrdə Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qətliamın davamı mahiyyətində olduğunu qeyd etdi. 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecədə 603 nəfər sakinin öldürüldüyü, 1000-dən artıq insanın müxtəlif bədən xəsarəti alması nəticəsində əlil olduğu və 1275 insanın əsir götürüldüyü "Xocalı faciəsi"nə ölkə miqyasında ilk siyasi və hüquqi qiymət verən Ümummilli Lider Heydər Əliyevin olduğunu xüsusi vurğulayıb. Bu siyasi fəaliyyət fonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət" kampaniyası bu soyqırımın dünya miqyasında tanıdılması istiqamətində uğurlu bir fəaliyyət olduğunu bildirdi. M.Babaşlı eyni zamanda, dünyada qəbul olunmuş konvensiyalar və ümumbəşəri qanunlarda "Xocalı faciəsi" kimi soyqırımların yolverilməz olduğu göstərilsə də, bu hadisəyə dünya miqyasında layiqli şəkildə qiymət verilməməsini də təəssüflə qeyd edib.
Daha sonra məruzəçi tarix elmləri üzrə fəlsəfə doktoru Ramin Quliyev xalqımızın məruz qaldığı bu soyqırımın səbəb və məqsədlərindən bəhs etdi. Törədilmiş bu qətliamı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olaraq dəyərləndirib. R.Quliyev Xocalı hadisələrinin ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciələrin ən dəhşətlisi olaraq xalqımızın qan yaddaşına həmişəlik həkk olunduğunu qeyd edib.
Məruzəçi "Xocalı soyqırımı həqiqətləri"ni həm ölkə, həm də dünya ictimaiyyətinin diqqət mərkəzində saxlanılmasının əhəmiyyətindən bəhs edib.
Sonda, maraqlı və yaddaqalan çıxışına görə məruzəçiyə təşəkkürünü bildirən GEAD İctimai Birliyinin sədri M.Babaşlı bu tarixi faciənin ildönümünün qeyd olunmasının, gənc nəslin milli-ictimai təfəkkürünün formalaşması və vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı əhəmiyyətini bir daha nəzərə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB