İki gün öncə Gümrüdə Rusiya hərbçisi tərəfindən törədilən növbəti insidentdən sonra şəhər əhalisi hakimiyyət qarşısında növbəti məsələ qaldırıb. SİA xəbər verir ki, bu barədə "Azadlıq" Radiosunun İrəvan bürosu xəbər verir. Məlumata görə, həmin insidentdən sonra şəhər sakininin evinə sərxoş halda daxil olmaq istəyən rusiyalı hərbçiyə qarşı heç bir qanunamüvafiq tədbir həyata keçirilməyib və o, Rusiyaya məxsus 102-ci hərbi bazadakı xidmətinə davam edir.
Belə ki, Yeranosyanlar ailəsinin iddiasına görə, hərbi bazanın hərbi qulluqçusu Sergey Sudnikov yanvarın 31-də gecə saatlarında sərxoş vəziyyətdə davamlı olaraq onların mənzillərinin qapısını döyüb. Evin sahibəsi Ruzanna Yeranosyan radioya açıqlamasında bildirib ki, o və ailəsi hərbi qulluqçuya rus dilində başa salmağa çalışıblar ki, o ünvanını səhv salıb. Ancaq onların bu cəhdləri uğursuz olub: "Mənim ərim üç dəfə içəri tərəfdən qapıya yaxınlaşaraq deyib ki, o ünvanını səhv salıb və qapının tutqacını sındırmasın. Lakin rus hərbçi dəhşətli şəkildə qapını sındırmağa cəhd edirdi. Mənzildəki uşaqlar çox ciddi sarsıntı keçiriblər. Bilmirəm, o kim olub, planları nədən ibarət olub, ancaq onu bilirəm ki, çox sərxoş vəziyyətdə idi. Şükür Allaha ki, o, qapını sındırmağa nail ola bilmədi".
Yeranosyan onu da deyib ki, 102-ci hərbi bazanın digər hərbçisi Valeri Premyakovun bir il öncə erməni ailəsini qətl etməsini xatırladıqdan sonra o və uşaqları kəskin sterss keçiriblər. Onun sözlərinə görə, polis gəldikdən sonra çölə çıxıb və sərxoş hərbçi Sudnikovla onlar arasındakı dialoqu eşidib. Polislər soruşublar ki, harada xidmət göstərir, o da cavab olaraq bildirib ki, poliqonlar olan hərbi hissədəndir. Hərbçi Gümrüdə qohum və tanışlarının olmadığını da bildirib.
Şirak vilayətinin prokuroru Raffi Aslanyan isə bildirib ki, Rusiya hərbi hissəsində müqavilə şərti ilə hərbi xidmət aparan Sergey Sudnikov məsələ ilə bağlı dindirilib və buraxılıb. Belə ki, onun əməlində cinayət tərkibi müəyyənlşdirilməyib. Hüquq müdafiəçisi Levon Barseqyan isə iddia edir ki, rusiyalı hərbçinin əməlində ən azı bir cinayət tərkibi var. "Ermənistan qanunlarına görə, qapını qırmağa cəhd edən şəxsi mühakimə etmək lazımdır. Mən dəqiq bilmirəm, onu mühakimə edəcəklər ya yox, amma onu bilirəm ki, biz Premyakovu Rusiyadan ala bilmədik. Demək, qətl törətmiş cinayətkarı Ermənistan qanunları ilə mühakimə edə bilməmişiksə, Sudnikovu da ala bilməyəcəyik".
Qeyd edək ki, jurnalistlər məsələ ilə bağlı araşdırma apararaq belə nəticəyə gəliblər ki, Gümrüdə yaşayan əhalinin əksəriyyəti öz təhlükəsizliklərindən ciddi şəkildə narahatdırlar. Onlar dövlətdən təhlükəsizlikləri üçün təminat tələb edirlər. "Günlərin bir günü onların da qapılarını sərxoş rus əsgərləri döyə, açmadıqda isə silah işlədə bilərlər"-deyə "Azadlıq" Radiosunun İrəvan bürosunun jurnalisti yazır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB