YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib FOTOLAR

YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda partiyanın rayon təşkilatı idarə heyətinin üzvləri, ərazi ilk təşkilatlarının sədrləri iştirak ediblər.

Gündəlikdə duran məsələlər barədə məlumat verən YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev iclasda əsasən təşkilati işlərin müzakirə olunacağını diqqətə çatdırıb.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar görüləcək tədbirlər planı, o cümlədən də YAP Səbail rayon təşkilatının 2016-cı il üçün iş planı müzakirə edilib, Qadınlar Şurası və Gənclər təşkilatının, Nəzarət-Təftiş Komissiyasının illik iş planı təsdiq edilib.

Şəmsəddin Hacıyev bildirib ki, Azərbaycanın ictimai-siyasi həyatında fəallığı ilə seçilən YAP Səbail rayon təşkilatı il ərzində ölkəmizdə keçirilən bir sıra tədbirlərin təşkilində mühüm rol oynayır: "Belə ki, 2015-ci ildə də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı müxtəlif xarakterli mühüm tədbirlər həyata keçirməklə ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edib.Ötən ilin ən yaddaqalan hadisəsi olan parlament seçkilərində də YAP Səbail rayon təşkilatı yaxından iştirak edərək partiyamıza öz töhfəsini verib. Seçki təşviqat kampaniyasında partiyanın Sədri, Prezident İlham Əliyevin Azərbaycanın tərəqqisi, inkişafı, xalqın rifahının yüksəldilməsi, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və digər sahələrdə gördüyü işlər əsas yer tutub. Məhz onun nəticəsidir ki, Yeni Azərbaycan Partiyasının namizədləri parlament seçkilərində mütləq səs çoxluğu ilə partiyamızın növbəti uğuruna imza atıblar". Şəmsəddin Hacıyev vurğulayıb ki, ümumilikdə ötən il Azərbaycan dövləti üçün, Yeni Azərbaycan Partiyası üçün uğurlu il olub.

Daha sonra partiyanın sıralarına yeni qəbul olunan üzvlər, xüsusilə də gənclər arasında təbliğati işlərin daha da gücləndirilməsi, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak və sair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, cari məsələlərə baxılıb.

Digər çıxış edənlər də müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə