Bakı Forumuna hazırlıq görüşü keçirilib

Bakı Forumuna hazırlıq görüşü keçirilib

Yanvarın 27-də Roma şəhərində IV Qlobal Bakı Forumuna yüksək səviyyəli hazırlıq görüşü işə başlayıb. İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Senatda keçirilən və dünyanın bır sıra nüfuzlu liderlərini bir araya gətirən tədbir "Dinlərarası dialoq vasitəsilə radikallaşma və ekstremizmə cavab" mövzusuna həsr olunub.

Bolqarıstan Prezidenti Rosen Plevneliyev, Makedoniya Respublikasının Prezidenti George İvanov, İtaliya Senatının sədri Pietro Qrasso, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldin, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa, İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini tədbirdə iştirak edirlər. Həmçinin İtaliya, Polşa, Xorvatiya, Andorra, Latviya, Ukrayna, Rumıniya, Moldova, Albaniya, Serbiya və Bolqarıstanın sabiq prezidentləri toplantıya qatılıblar.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da görüşdə iştirak edir.

Dünya liderləri panel iclaslarda dinlərarası dialoq yolu ilə radikallaşmaya və ekstremizmə qarşı yeni və effektiv həll yollarının tapılması ilə bağlı fikir və tövsiyələrini səsləndiriblər. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldin bildirib ki, müvəffəqiyyətin meyarı sayılan bütün sərvətlər və maddi rifahın olduğu dünyada mənəviyyat daha əhəmiyyətlidir.

İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini deyib: "Min illər boyunca müqəddəs taxt və qlobal mənəvi mərkəz, əsrlər boyunca güclü sülh carçısı rolunu oynayan əbədi şəhər Roma dinlərarası dialoqun sülhün əldə olunmasında rolu məsələsinin müzakirəsi üçün mükəmməl yerdir. Yer üzündə sülhün əldə olunması kimi önəmli bir cəhddə İtaliya ön planda olmalıdır.

Xanım Vayra-Vike Freyberqa vurğulayıb ki, bəşəriyyətin mütləqiyyət axtarışında hər bir dinin özünəməxsus rolu var.

Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko isə qeyd edib ki, Ukrayna illər boyu müxtəlif din və etiqadların sülh şəraitində birgə mövcudluğunun bariz nümunəsi olub.

Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa dünyada sülh şəraritinin yaradılması üçün birgə addımlar atılmasının zəruri olduğunu diqqətə çatdırıb.

ISESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tuveycri anlaşılmazlıqların qarşısını almaq üçün dialoqlara üz tutmağın vacibliyini vurğulayıb.

IV Qlobal Bakı Forumuna hazırlıq məqsədilə keçirilən tədbir yanvarın 28-dək davam edəcək. Tədbir çərçivəsində İtaliyanın Prezidenti Sergio Mattarella, xarici işlər naziri Paolo Gentiloni Mərkəzin üzvlərini qəbul edəcək. Görüşlər zamanı etnik və digər zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya və s. sahələrdə mövcud problemlər də daxil olmaqla bir sıra qlobal məsələlərin müzakirəsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə