"Son günlərdə müxtəlif informasiya vasitələrində respublikamızın müxtəlif regionlarında eyni tipli məntiqlə heç cürə izah oluna bilinməyən bir-neçə xoşagəlməz hadisələrin baş verdiyi haqda məlumatlar verilib". Bu fikirləri SİA-ya Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Rauf Əliyev Şəmkir rayonunda sərnişin qatarının və paytaxt Bakıda "Baki Bus"a məxsus ictimai nəqliyyat avtobusunun daşa basılması olayına münasibət bildirərkən deyib.
O, hadisələrin bənzərliyinə toxunaraq deyib ki, Şəmkir rayonunda bir qrup şəxs Ağstafanın Böyük Kəsik stansiyasında Bakıya gedən sərnişin qatarını daşa basıb: "Vaqonların şüşələri qırılıb, 6 nəfər xəsarət alıb. Bakı şəhərində naməlum şəxslər tərəfindən "Bakı Bus"a məxsus 14 saylı marşrut üzrə hərəkət edən 3 ədəd avtobus içərisində sərnişinlərlə birlikdə daşa basılıb. İlkin məlumatlara görə, sərnişinlər arasında zərərçəkənlər var, avtobuslara ziyan dəyib".
Millət vəkili digər bir hadisəyə də toxunaraq bildirib ki, bu kimi xuliqanlıq hərəkətləri Göyçay rayonunda da baş verib: "Elə bu günlərdə Göyçay rayonunun Yekəxana kəndində sakinlərin fərdi yaşayış evlərinə quraşdırılmış 15 ədəd yeni qaz sayğaclarına müdaxilə edilərək ziyan vurulub. Hadisələr müxtəlif regionlarda baş versə də, eyni xarakterli, məqsədləri isə ətrafdakılara, heç bir təqsiri olmayan insanlara ziyan vurmaqdır. Çox təəsüfedici hadisələrdir".
"Son illər dövlət tərəfindən həyata keçirilən çoxsahəli sosial layihələr nəticəsində vətəndaşlarımıza göstərilən xidmətlərin səviyyəsi yüksəlib, həyat şəraitləri yaxşılaşıb"-deyə qeyd edən Rauf Əliyev həmçinin bildirib ki, ən müsair standartlara cavab verən "Bakı Bus"a məxsus avtobuslar artıq şəhərimizin sərnişin-nəqliyyat sistemində böyük dönüş ediblər. Sərnişinlərə isə ən yüksək səviyyədə xidmət göstərilir.
Yuxarıda qeyd olunan hadisələrin baş verməsinə gəlincə, əlbətdə bu hadisələr hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq, günahkarlar öz layiqli cəzalarını alacaqlar. Bu hərəkəti törədənlər də başa düşməlidirlər ki, infrastruktur layihələri əsasında yaradılan nə varsa, hamısı Azərbaycan xalqına xidmət edir. Yaradılmış imkanlardan həm indiki, həm də gələcək nəsil, o cümlədən onların ailə üzvləri, uşaqları istifadə edəcəklər. Ona görə də yaradılmış nə varsa, hamısından səmərəli istifadə etmək və qoruyub saxlamaq lazımdır. Eyni zamanda yerlərdə belə hadisələrin bir daha baş verməməsi üçün yerli hakimiyyət orqanları, ictimai təşkilatlar tərəfindən geniş izahat işləri aparılmalıdır".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB