Elçin Mirzəbəyli: “Günahkar Minsk qrupunun həmsədrləridir” AÇIQLAMA

Elçin Mirzəbəyli: “Günahkar Minsk qrupunun həmsədrləridir” AÇIQLAMA

"AŞPA-da "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı hesabatın qəbul olunmamasında ermənilərlə yanaşı bu prosesdə fəallıq nümayiş etdirən ölkələr olub. Verilən məlumatlara görə, Fransa da prosesdə aktiv şəkildə iştirak edib. Nəzərə alsaq ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindəndir, o zaman həmsədrlərin daha öncə verdikləri bəyanatla Fransanın nümayəndələrinin mövqelərinin üst-üstə düşdüyünün şahidi olarıq". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

Politoloqun qənaətinə görə, AŞPA üzvlərinin bir qrupu erməni diasporunun sifarişlərini yerinə yetiriblər, bir qrupu isə ATƏT-in Minsk qrupunun təziqləri və şantajları qarşısında geri çəkiliblər: "Əslində bu mənzərə daha öncə də bəlli idi. Belə bir hadisənin baş verəcəyi gözlənilirdi. Ermənilər bu prosesdə kifayət qədər fəallıq nümayiş etdirirdilər və Azərbaycan əleyhinə çoxsaylı kampaniyaların həyata keçirilməsinə çalışırdılar. Minsk qrupunun bəyanatı da prosesi irəliyə aparmaq niyyətində olmadıqlarını nümayiş etdirdi və eyni zamanda bəlli oldu ki, status kvonun qorunub saxlanmasının əsil səbəbkarı, günahkarı Minsk qrupunun həmsədrləridir. Digər beynəlxalq təşkilatlar da onların sifarişlərinə uyğun hərəkət edirlər. ATƏT-in AŞPA-nın toplantısından öncə belə bir bəyanat verməsi artıq insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması və seçkili orqanın işinə kobud şəkildə müdaxilə demək idi. Maraqlıdır ki, həmin dövlətlər adətən insan hüquq və azadlıqları ilə bağlı gurultulu bəyanatlarla çıxış edir və seçkili orqanların fəaliyyətinin demokratiyanın əsas prinsiplərindən biri olduğunu bildirirlər. Amma indiki halda bilavasitə AŞPA-nın parlamentarilərinin iradəsinə açıq şəkildə təziq olundu. Bu isə demokratiya haqqında nağılların sadəcə kimlərinsə başını aldatmaq üçün alət olduğunu göstərdi".

Qeyd edək ki, AŞPA-nın Siyasi məsələlər komitəsinin keçmiş məruzəçisi, britaniyalı parlamentar Robert Valterin hazırladığı "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı hesabat AŞPA-da qəbul olunmayıb. Hesabat tam şəkildə səsə qoyulub. Lehinə 66, əleyhinə 70 nəfər olmaqla, sənəd keçməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə