“Aksiyalar müəyyənləşsə belə, onlara dəstək verən olmayacaq” MÖVQE

Mais Səfərli: “Müxalifətin nə istədiyini anlamaq olmur”
“Aksiyalar müəyyənləşsə belə, onlara dəstək verən olmayacaq” MÖVQE

Manatın məzənnəsi ətrafında yaranan vəziyyətdən istifadə edən bəzi işbazlar özəl maraqlarını təmin etmək üçün fəaliyyətlərini qurmağa cəhdlər göstərirlər. Məlum faktdır ki, dövlət qiymət siyasətinin tənzimlənməsi istiqamətində böyük işlər görüb. Buna baxmayaraq müxalifət xaricdən verilən tapşırığa əsasən pozuculuq aktları törətməyə cəhd göstərir, mövcud ictimai-siyasi sabitliyi pozmağa çalışır. "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirib ki, müxalifətin bu məsələdən məkrli planlarını həyata keçirmək üçün istifadə etməyə calışmaları milli və dövlətçilik maraqlarına xəyanətdən başqa bir şey deyil: "Devalvasiyanın yaratdığı fəsadlar bəzi insanlara müəyyən çətinliklər yaradıb. Amma mövcud vəziyyəti düzgün analiz edib, sual etmək lazımdır ki, bu çətinliklər hardan qaynaqlanır? Birmənalı şəkildə demək olar ki, çətinliklərin baş verməsi Azərbaycan dövlətinin özündən asılı deyil. Bu gün bütün dünya iqtisadiyyatı böhran içindədir. Dərin, çox sərt böhran dünya iqtisadiyyatını həlli çətin problemlərlə üz-üzə qoyub".

M.Səfərlinin sözlərinə görə, Azərbaycanda dünyanın bir parçası olduğundan baş verənlər ölkəmizə də təsir edir: "Bizim iqtisadiyyatımız dünyaya inteqrasiya olunmuş bir iqtisadiyyatdır. Bu baxımdan dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycana təsirsiz ötüşmür. Belə olan halda başa düşmürəm ki, müxalifət təmsilçiləri nə istəyir? Üstəlik Azərbaycan dövləti və Azərbaycan Prezidenti İlham Əliyev məhz bu məsələləri çox ciddi şəkildə nəzarət edir. Bu gün dünyanın bir çox ölkələrindən eləcə də Azərbaycanda devalvasiya baş verib. Amma başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda ən əsas xidmətlərin və məhsulların qiyməti qalxmayıb. Məsələn benzinin, mazutun, qazın, elektirik

enerjisinin, suyun, nəqliyyat xərçlərinin qiymətləri qalxmayıb. Hətta buğda və buğda məhsullarına olan yəni, una tətbiq olunan vergilər də aradan qaldırılıb ki, bu da çörəyin və unun qiymətlərinin aşağı düşməsinə səbəb olur. Azərbaycan Prezidenti qiymətlərin süni şəkildə artırılmasının qarşısınının alınması istiqamətində mühüm addımlar atır. Belə olan halda müxalifətin nə istədiyini anlamaq olmur. Əslində müxalifətin istəyi yalnız bu cür yersiz hərəkətlərə əl ataraq bir müddət gündəmdə qalmaqdır. Bu günə qədər müxalifət təmsilçiləri Azərbaycan xalqının maraqlarına xidmət edən heç bir fəaliyyət ortaya qoya bilməyib".

"Müsavatın AXCP ilə birgə aksiyalar keçirmək istəyinə Əli Kərimli rədd cavabı verib. Bunu nə ilə izah etmək olar" sualına cavab olaraq M.Səfərli qeyd edib ki, Əli Kərimlinin Müsavatla birgə aksiyalar keçirməsinə rədd cavabı bu aksiyaların heç bir nəticə verməyəcəyini anlamasıdır. "Ümumiyyətlə, aksiyalar müəyyənləşsə belə onlara dəstək verən olmayacaq. Hətta üzvləri belə onların lazımsız aksiyalarına qatılmayacaqlar".

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə