“Ölkədə gərginlik yaratmağa hesablanmış siyasətin perspektivi yoxdur” AÇIQLAMA
"Keçən ilin sonundan etibarən ölkədə yaranmış çətin vəziyyət insanlar arasında bir çaşqınlıq və qeyri-müəyyənlik yaratmasına baxmayaraq ümumilikdə vəziyyətin düzələcəyi ümidi onları tərk etməyib". Bu fikirləri SİA-ya açıqlamasında Vəhdət partiyasının Sumqayıt şəhər təşkilatının sədri, politoloq Vasif Əfəndiyev deyib.
Politoloq bildirib ki, əslində əhalinin belə reaksiyası normal və təbii qarşılanmalıdır: "Demək vətəndaş ölkənin taleyinə biganə deyildir. Təcrübə onu göstəriri ki, iqtisadi çətinlik yaşayan dövlətlərdə etiraz çıxışları normal haldır. Bu yaxınlarda İspaniya, Yunanıstan və Ermənistanda da bahalaşma və hökumətin kəmərçəkmə planlarına qarşı daha güclü etiraz nümayişlərinin keçirilməsinin şahidi olduq. Azərbaycanda etirazların lokal və kiçik xarakterini nəzərə alsaq o zaman belə fikir yaranır ki,xalq vəziyyətin düzələcəyinə optimist düşüncə ilə yanaşır .Təbii ki, hakimiyyət xalqın tələblərini nəzərə almalıdır və vəziyyətdən çıxış planını daha sürətlə həyata keçirməlidir. Daha yaxşı həyat şəraitinə uyğunlaşan sıravi vətəndaşların ziyan çəkməsinə yol vermək olmaz".
Onun sözlərinə görə, Prezidentin son müşavirəsində belə bir istəyin olduğunu gördük: "Bundan sonra bizə qalan dövlət başçısının xususilə vurğuladığı inhisarçılığa qarşı mübarizədə daha fəal olmağımız və hakimiyyətlə bir yerdə kritik vəziyyətdən çıxmaq yollarını axtarmaqdır. Məni ən çox narahat edən məsələ yaranmış vəziyyətdən fürsətçi qüvvələrin yaralanmaq cəhdinin olması ehtimalıdır. Nardaran hadisələri xarici ölkələrdən dövlətimizin təməlini zəiflətməyə yönəlik fəaliyyətin mövcud olduğu sübut etdi. Azərbaycanın dövlət quruluşunu dəyişməyə yönəlik edilən çağırışların arxasında dayanan qüvvələrin istəkləri bu gün də qalmaqdadır. Bəzi siyasi qüvvələrin belə qüvvələrə dəstək verməsi də çox təhlükəlidir. Nəyin bahasına olursa olsun hakimiyyətə gəlmək istəyi gələcəkdə böyük fəsadlara səbəb ola bilər. Hesab edirəm ki, həm müxalifət həm də iqtidar yaranmış durumu düzgün qiymətləndirərək qarşılıqlı anlaşma şəraitində vəziyyətdən birgə çıxış yollarını aramalıdırlar. Kütləvi iğtişaşlar, qarşıdurma, qarşılıqlı ittihamlar vəziyyətdən çıxış yolu deyildir,əksinə stabilliyi pozmağa edilən cəhddir. Ölkədə gərginlik yaratmağa hesablanmış siyasətin perspektivi yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB