Səlim Müslümov: “İşsizlik siğortası məsələsini tez zamanda həll etməliyik" AÇIQLAMA
"Təhsil Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə fəaliyyəti nəticəsində ölkəmizin dörd regionunda işsiz insanların işlə təmin olunması üçün 2-3 aylıq peşə kursları keçən mərkəzlər təşkil edilib". Bu fikirləri SİA-ya açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Gələcəkdə həmin mərkəzlərin fəaliyyət göstərdiyi regionların sayının 10-a çatdırılacağını vurğulayan nazir bunun üçün görülən işlərin davam etdirildiyini qeyd edib: "Kurs keçən işsiz insanlar həmin müddət ərzində təqaüdlə təmin olunur və onların gediş-gəliş haqqı da mərkəz tərəfindən ödənilir".
Manatın ikinci dəfə devalivasiyasının ardından yaranmış bəzi iqtisadi-sosial problemlərə toxunan nazir Səlim Müslümov bildirib ki, iş yerlərinin sayının azalmasının qarşını almaq ilkin vəzifəmizdir: "Əmək bazarında monitorinqlərimiz davam edir. Dövlət orqanlarında, o cümlədən cəmiyyətdə mobillik artırılmalıdır. İşsizlik siğortası problemini tez zamanda həll etməliyik".
Nazir dövlət büdcəsinə gələn gəlirlərinin azaldığını diqqətə çatdıraraq sosial müavinətlərin artırılması üçün çalışacaqlarını bildirib: "Müavinətlər dövlət büdcəsi hesabına maliyyələşdirilir. Nazirlik olaraq hər həftənin 2-ci və 5-ci günləri ölkənin 6 regionunda-Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Tovuz və Ağsuda yerləşən bazarlarda monitorinqlər aparırıq. Məqsədimiz istehlak səbətinə daxil olan ərzaq və qeyri-ərzaq mallarının qiymətlərindəki dəyişikliyə əsasən yeni istehlak səbətinin minimum dəyərini müəyyənləşdirməkdir. İşlər ayın sonuna kimi yekunlaşacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB