Elmar Məmmədyarov buraxılış mərasimində

Elmar Məmmədyarov buraxılış mərasimində

Xarici işlər naziri Elmar Məmmədyarov ADA Universitetində Xarici İşlər Nazirliyinin yüksək və orta ranqlı diplomatları üçün təşkil edilən "Ali Xarici Siyasət Kursu"nun buraxılış mərasimində iştirak edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir ADA Universiteti tərəfindən təşkil edilən kursların XİN və digər dövlət qurumlarının əməkdaşlarının peşəkarlığının artırılmasında mühüm rol oynadığını deyib. O, təhsilə qoyulan sərmayənin ən faydalı sərmayələrdən biri olduğunu vurğulayıb.

E. Məmmədyarov ölkəmizin xüsusilə son illər ərzində siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi nailiyyətləri, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri, ikitərəfli və çoxtərəfli əsasda Azərbaycanın dünya birliyi ilə əlaqələri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin 20 faizinin işğalı, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında, eləcə də hazırda dünyanın müxtəlif regionlarında baş verən aktual məsələlər və təhdidlər barədə tədbir iştirakçılarına məlumat verib.

Azərbaycanın nəqliyyat və enerji strategiyasının inkişafından danışan nazir Bakı-Tbilisi-Qars dəmir yol xətti və Cənubi Qafqaz qaz dəhlizi layihəsinin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbir əsnasında o, diplomatların suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə