Hər bir dövlətin bir dövlət olaraq formalaşmasında, millətin millətlər sırasında mətin dayanmasında böyük şəxsiyyətlərə ehtiyac var. Bu gün Azərbaycanın adı dünya müstəvisində öndə gedən dövlətlər sırasında məğrur durur. Bu torpaq, bu millət dahilər, onun adını zirvələrə ucaldan şəxsiyyətlər yetişdirib. "Heç bir millət şəxsiyyətsiz yaşaya bilməz". Bu fikir Azərbaycan adını öndə gedən dünya ölkələri sırasına yazan, öz uzaqgörənliyi ilə dünya siyasətçilərini daim heyrətə gətirməyi bacaran, millətin hər bir nümayəndəsini ürəkdən sevən dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevə məxsusdur! Əslində, doğru deyiblər ki, zaman hər şeyi yerbəyer edir, hər şeyin, hər kəsin doğru qiymətini verir. İllər keçdikcə, Ümummilli Liderimiz Heydər Əliyevin böyüklüyünü, müdrikliyini, xalqını, vətənini necə bir məhəbbətlə sevdiyini daha çox anlayırıq. Bu siyasət nəhənginin fəaliyyəti xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr olunmuşdur. Belə ki, tarixin xalqımıza bəxş etdiyi dahi şəxsiyyətin, müasir Azərbaycanın xilaskarı və memarı, Ulu Öndəri Heydər Əliyevin bütün fəaliyyətinin məqsədi Azərbaycanı güclü, demokratik dövlətə çevirmək və xalqına firavan həyat bəxş etmək olub. Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Onun şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır. Onun Azərbaycana otuz ildən çox rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib.
Artıq kimsəyə sirr deyil ki, Ulu Öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yürütdüyü imperializm siyasi xəttinə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir. Dahi Öndər Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Ulu Öndər Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın Sədri seçilmişdir. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Ulu Öndər Heydər Əliyev 1993-cü il
iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.
İllər keçdikcə bir çox meyarlar, prinsiplər dəyişir, ancaq obyektiv tarixi meyillərin və həqiqətin meyarı isə dəyişməz qalır
Əsl vətəndaş, tarixi şəxsiyyət və Ümummilli Lider. Bu üç fenomen keyfiyyətin daşıyıcısı, qüdrətli və böyük insan Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində oynadığı rol misilsizdir. Türk dünyasının fəxri olan Ulu Öndər Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının yetirdiyi böyük dühalardan biri kimi ehtiramla xatırlanır. Zaman ötdükcə, illər keçdikcə bir çox meyarlar, prinsiplər dəyişir, ancaq obyektiv tarixi meyillərin və həqiqətin meyarı isə dəyişməz qalır. Odur ki, Azərbaycan xalqının Ümummilli Lideri, dərin zəkası və rəhbərlik etmək istedadı, uzaqgörənliyi və nüfuzu ilə bütün dünyanı heyran qoymuş Ulu Öndər Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq mümkün deyil. Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Məhz Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır. Ulu Öndər Heydər Əliyev çox maraqlı, mürəkkəb, zəngin, keşməkeşli bir ömür yolu keçmiş, həyatın bütün çətinliklərindən qalib çıxmış, öz zəhməti, zəkası, fitri qabiliyyəti ilə ən yüksək zirvəyə yüksəlmişdir. Bu uca zirvənin yolları daşlı-kəsəkli olsa da, polad iradəsi, dönməz xarakteri, şəxsiyyət bütövlüyü bu zirvəni fəth etməkdə Ona kömək etmişdir. Bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri Heydər Əliyev çox zəngin irs qoyub getmişdir. Xalqımızın mənəvi sərvəti olan bu zəngin irsi araşdırdıqca respublikamızın son 50 illik həyatında bu nəhəng şəxsiyyətin öz xalqına qırılmaz tellərlə bağlı olduğu, onu ürəkdən sevdiyi, Azərbaycanın inkişafı və tərəqqisi naminə böyük işlər gördüyü, bütün varlığını, həyatını Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə həsr etdiyi göz önünə gəlir.
Dahi Öndər Heydər Əliyevin nəzəri irsi həmçinin Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasında dayanan Yeni Azərbaycan Partiyasıdır
Ölkəmizin siyasi həyatında özünəməxsus yeri olan Azərbaycanın şanlı tarixinin səhifələrindən biri də Yeni Azərbaycan Partiyasının yaranması və təşəkkül tapmasıdır. Hakim partiyanın məhz milli tariximizdə görkəmli yer tutan Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə bağlıdır. Yeni Azərbaycan Partiyası elə bir dövrdə
formalaşmışdır ki, müstəqilliyimiz, milli varlığımız real təhlükə qarşısında idi. Xalqımızın əsrlərdən bəri ürəyində yaşatdığı azadlıq amallarını beşiyindəcə boğmağa cəhd göstərən qara qüvvələr heç nədən çəkinməyərək ən çirkin vasitələrə əl atırdılar. Ulu Öndərin "dünənin, bugünün, gələcəyin partiyası" deyə həm keçmişini, həm bugününü, həm də gələcəyini müəyyən etdiyi Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı xidmətləri bu təşkilatın cəmiyyətdəki mövqeyini get-gedə daha da möhkəmləndirir, xalqın bu partiyanın ideoloji - siyasi xəttinə dəstəyini gücləndirir. Xalqımız maddi və mənəvi sıxıntı məngənəsində boğulduğu, ölkə iqtisadi, siyasi, sosial, hərbi böhran keçirdiyi vaxtlarda onun yeganə ümid yeri məhz Ulu Öndər Heydər Əliyev olmuşdur. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz etdi. Böyük natiqlik qabiliyyətinə, dərin zəkaya, məntiqi ardıcıllığa, iti zehnə, möhkəm yaddaşa malik olan bu böyük insan öz əsərlərini xalq qarşısındakı çıxışlarında, dinləyicilərlə üzbəüz, onların qarşısında, onların iştirakı ilə yaratmışdır. Heydər Əliyevin hər bir nitqi, hər bir çıxışı xalqla təmasda, ictimai-siyasi yığıncaqlarda, izdihamlı mitinqlərdə, əsgər səngərlərində, qaçqın düşərgələrində, rəsmi dövlət tədbirlərində, beynəlxalq məclislərdə yaranmış və Azərbaycanda dövlət quruculuğu proqramının, milli dövlətçilik ideologiyasının əsasını təşkil etmişdir. Ulu Öndər Heydər Əliyev kimi zəngin irsi, çoxsaylı əsərləri olan dövlət xadimi çox azdır. Bu əsərlərdəki elmi fikirlər Ulu Öndərin çox geniş mütaliə dairəsinə, çox zəngin və dərin biliyə, elmi məlumata malik olan bir şəxsiyyət və görkəmli ziyalı olduğunu sübuta yetirir.
Bütün zamanların dahi filosofu
Ulu Öndər Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix belələrinin əməlləri, fəaliyyəti ilə yaranır. Onun keşməkeşli həyatı, zəngin bioqrafiyası isə bütöv bir epoxanın canlı salnaməsidir. Bu salnamənin nə az, nə çox - düz 34 illik bir dövrünü əhatə edən və xalqımızın qadir, yaradıcı əməyini təcəssüm etdirən səhifələri Onun şərəfli və mənalı ömrünün unudulmaz anlarıdır. Heydər Əliyev zəmanəsinin böyük filosofu idi. Onun fəlsəfəsi sülh fəlsəfəsi idi. Heydər Əliyev şəxsiyyətini dəyərləndirmək cəhdində olmaq hardasa tarixə, zamana, gələcəyə qiymət vermək iddiası qədər çətindir. Bu tarixi şəxsiyyəti, fenomeni sözlə səciyyələndirmək çətindir. Çünki Ulu Öndər Heydər Əliyev yalnız bir dövləti idarə edən siyasi xadim, rəhbər deyil, həm də milyonlarla insanı böyük ideallar ətrafında səfərbər edən bir dövlət qurucusu, tarix memarıdır. Heydər Əliyev Azərbaycan elminin hamisi və böyük mütəfəkkir idi. Heydər Əliyevin varlığı xalqa, onun mədəniyyətinə xidmətdən yoğrulmuşdur. Ulu Öndərin incəsənətə, mədəniyyətə, teatra, ədəbiyyata göstərdiyi xidmətlər unudulmazdır. O, sənətdə, ədəbiyyatda həmişə tərəqqi və irəliləyiş yolunu seçməyi vacib sayardı.
Ulu Öndər Heydər Əliyev min ildən bir Tanrının insanlara bəxş etdiyi müdrik lider olduğunu fəaliyyəti ilə təsdiqləyən dahilərdəndir
Ümummilli Lider Heydər Əliyevin siyasi irsi o qədər zəngin, mənalı və dəyərlidir ki, hələ bir neçə on illər bundan sonra da nəsillər bu varislik xəzinəsindən istifadə edəcəklər. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpüyə, dünyanın dinamik inkişaf edən ölkələrdən birinə çevrilmişdir. Adı həmişə milli dövlətçiliyimiz, müstəqillimizlə qoşa çəkilən, fenomen siyasətçi kimi təcrübəsi daim öyrənilən Ulu Öndər Heydər Əliyev min ildən bir Tanrının insanlara bəxş etdiyi müdrik, lider olduğunu fəaliyyəti ilə təsdiqləyən dahilərdən biri, bəlkə də birincisidir. Ölkəmizdə müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. "Mən çox sınaqlardan keçmiş bir adamam və həyatımı da özümə yox, xalqıma həsr etmişəm" söyləyən, həyatının mənasını Azərbaycan xalqına, dövlətçiliyinə xidmətdə görən Ümummilli Lider Heydər Əliyevin ömür yolu əslində, əsrlərə sığmayan bir epoxadır. Onun söylədiyi "mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam" sözləri ilə bir daha bildirirdi ki, hansı sahədə çalışmasından asılı olmayaraq Azərbaycanın adına, vədinə sadiq əsgəri kimi xalqının xoşbəxtliyi, müstəqilliyi naminə hər çətinliyə həmişə hazır olmuşdur. O, heç bir zinətlə ölçülə bilməyəcək qədər qiymətli ideyaları, qətiyyəti, sağlam azərbaycançılıq məfkurəsi ilə Azərbaycan xalqını ardınca aparan ölməz sərkərdə, komandan olduğunu əməli fəaliyyəti ilə təsdiqlədi. Milyonların ürəyindən gələn bu sözlər Ona ümumxalq məhəbbətinin ifadəsi oldu: "Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır".
Adı hörmət və ehtiramla anılan, dəst- xətti ilə seçilən və daha çox sevilən dövlət başçıları arasında Ulu Öndər Heydər Əliyev fenomeni, Onun rəhbərlik illəri özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb edir. Azərbaycan tarixinin mühüm əhəmiyyətə malik 1969-1985-ci illərdəki təkamülü, 1993-2003-cü illərdə müstəqilliyin möhkəmlənməsi naminə göstərilən siyasi iradə və bacarıq, dövlətçilik təcrübəsi, zəngin irsə malik siyasi məktəb Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dilinə diqqət və qayğı göstərməklə insanlarda milli məfkurə və təfəkkürü formalaşdıran, Konstitusiyamızın qəbulu ilə hüquqi dövlətin əsasını təşkil edən, ali qanunları təkmilləşdirən Ulu Öndər arzuladığı demokratik islahatların aparılması üçün möhkəm, etibarlı təməl yaratdı. Heydər Əliyevin söylədiyi kimi, müstəqilliyin qorunması isə təbii ki, iqtisadi imkanlar, siyasi sabitlik, vətəndaş birliyi və həmrəyliyindən asılıdır. Neft strategiyasını hazırlamaqla ölkəmizi düşdüyü iqtisadi böhrandan xilas edən Dahi Öndər Heydər Əliyev bununla Azərbaycanın dünya birliyinə uzanan yoluna "yaşıl işıq" yandırdı. Respublikamızın dünya miqyasında tanınmasını istəyən, arzusunu gerçəkləşdirmək üçün yorulmadan çalışaraq xalqın rifahı və dövlətçiliyin möhkəmlənməsi üçün biri-birindən önəmli islahatlar apardı, proqramlar həyata keçirdi. Həmin vaxt Azərbaycan dilinə dövlət statusu verildi. Bütün dövlət və xalqlarla əməkdaşlıq və qarşılıqlı anlaşma şəraitində yaşamağa xarici siyasətimizin prioritetləri kimi diqqət yetirən Ulu Öndər xarici ölkələrə
intensivləşən səfərləri zamanı ən çox diqqət yetirdiyi məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli, işğala məruz qalan Azərbaycan həqiqətlərini dünya xalqlarına çatdırmaq, qürbətdə yaşayan həmyerlilərimizlə görüşməklə güclü diaspor hərəkatının təməlini qoymaq idi. Bütün bunlara əsaslanaraq birmənalı şəkildə demək olar ki, Azərbaycan xalqı və dövləti mövcud olduqca Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinə daim müraciət ediləcək. Onun nurlu adı, Vətəni naminə gördüyü böyük işlər insanların yaddaşında əbədi yaşayacaqdır. Heydər Əliyevin duhası ilə tarixinin şanlı səhifələri yazılan Azərbaycanı işıqlı və daha qüdrətli sabahlar gözləyir. Buna heç kəsin şübhəsi yoxdur. Çünki onun başladığı və uğurla həyata keçirdiyi siyasi kursun davam etdirilməsi xalqın ən başlıca arzusudur və bu istəyi də Heydər Əliyev məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev uğurla reallaşdırır.
Ulu Öndər Heydər Əliyevin bütün sahələrdə başlatdığı işlər sahəsində görülən nəhəng layihələri ölkəmizin Prezidenti Cənab İlham Əliyev layiqincə davam etdirir. Məqsəd isə birdir - Azərbaycan xalqının daha xoşbəxt və firavan yaşamasını təmin edilməsi, ölkəmzin adının ən yüksək zirvələrdə çəkilməsi. Bizlər də hər bir vətəndaş kimi inanırıq ki, Azərbaycanı, Onun xalqını uğurlu daha gələcək gözləyir. Bu, Heydər Əliyev işığının saçdığı nurlu yoldur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB