Politoloq: “Türkiyə Rusiyanın cavabını verəcək” AÇIQLAMA

Politoloq: “Türkiyə Rusiyanın cavabını verəcək” AÇIQLAMA

"Rusiya təyyarəsinin Türkiyə ərazisində vurulmasına sərt reaksiya verən Rusiya prezidenti Vladimir Putin hirsli başla Türkiyəyə qarşı sanksiyalar tətbiq edən sənədlər imzaladı. Bu sanksiayalardan sonra isə iki ölkə arasında münasibətlər kəskin pozulmağa doğru getdi". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.

Onun sözlərinə görə, hər iki tərəfdə münasibətləri pozmağa maraqlı olmayan qüvvələrin olmasına baxmayaraq, Rusiya hakimiyyəti vəziyyəti bir qədər də kəskinləşdirdi: "Buna baxmayaraq Türkiyə tərəfi daha konstruktiv mövqe sərgilədi və Rusiyanı kəskin addımlar atmamaq üçün danışıqlara dəvət etdi. Bundan başqa Türkiyə həmçinin vəziyyətin mürəkkəbləşəcəyi təqdirdə Rusiyaya qarşı daha təsirli sansksiya tətbiq edəcəyini də gizlətmir. Ərdoğan Rusiya gəmilərinin Dardanel boğazından buraxmayacağı barədə xəbərdarlığından sonra deyəsən Putnun başı soyumağa başlayıb. Hesab edirəm ki, Putinin çılğın davranışı kütlə psixologiyasına təsir etmək və daxildə siyasi reytinq qazanmağa hesablanmışdı. Rusiyanın hazırki siyasi və iqtisadi durumunun qeyri-qənaətbəxş olduğunu nəzərə alsaq, Putinin Türkiyə ilə münasibətlərin korlanmasına doğru atdığı adımları davam etdirməsi onun siyasi məhvinə gətirib çıxara bilər".

V. Əfəndiyev bildirib ki, Rusiyanın ən yaxın müttəfiqləri olan Avrasiya İtiifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləri də rus-türk münaqişəsində bu ölkəni dəstəkləmək haqqında qərar vermədilər: "Ən yaxşı halda isə onlar barışıq üçün öz vasitəçilik missiyalarını təklif etdilər. De-fakto Rusiya ərazisi olan Abxaziya belə ehtiyatlı davranaraq Rusiyanın tərəfini tutmadı. Çünki, hazırki şəraitdə Abxaziya iqtisadiyyatının 70 faizi Türkiyədən asılıdır. Rusiyanın təsir dairəsində olan ölkələr dünyada baş verən şəraiti ayıq başla təhlil etdiklərinə görə gələcəkdə öz ölkələrinin ziyan çəkməməsi üçün Rusiyadan məsafədə dayanmağı üstün tutdular. Rusiyanın özündə də ağıllı başlar Putini geri çəkilməyə vadar etməyə çalışırlar. Bu ölkədə siyasi prosesləri izlədikdə bu istiqamətdə Putinə olan təzyiqləri görmək mümkündür".

O əlavə edib ki, Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsi Ermənistanı bir tərəfdən sevindərsə də Sarkisyan hakimiyyəti ölkəsinin münaqişə ocağına çevirilməsini istəmir: "Münasibətlərin korlanması aktiv fazaya keçməsi təqdirdə Rusiyanın Ermənistan ərazisindən hərbi plasdarm kimi istifadə edəcəyi şübhəsizidr. Bu isə Ermənistanın siyasi xəritədən silinməsinə gətirib çıxara bilər. Ümid edək ki, Putin öz siyasi məhvinə qərar verməz. Əgər Rusiya daha kəskin sanksiyalar tətbiq etməyə davam edəcəksə şübhəszi ki, Türkiyə Rusiyanın cavabını verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə