Deputatlarımız AŞPA iclaslarına qatılacaqlar

Deputatlarımız AŞPA iclaslarına qatılacaqlar

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün dekabrın 6-dan 8-dək Brüsseldə səfərdə olacaqlar. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, iclasda Suriyada xarici döyüşçülər, Kosovada vəziyyət və bu məsələdə Avropa Şurasının rolu, Ukrayna böhranının siyasi nəticələri barədə məruzələr dinləniləcək, beynəlxalq arenada mövcud vəziyyətlə bağlı açıq müzakirələr aparılacaq. Bundan sonra S. Seyidov AŞPA-nın Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün Parisə, daha sonra isə AŞPA-nın Bürosunun və Prezidentlər Komitəsinin iclaslarında iştirak etmək üçün Londona gedəcək.

Monitorinq Komitəsində Azərbaycan, Albaniya və Ermənistanla bağlı yeni məruzəçilərin təyin edilməsi, Azərbaycanda keçirilmiş parlament seçkiləri, 6 dekabr 2015-ci ildə Ermənistanda keçiriləcək Konstitusiya referendumuna dair fikir mübadiləsi aparılacaq, Gürcüstana fakt-araşdırıcı missiyanın səfərinin yekunları və Moldovada cari siyasi vəziyyət nəzərdən keçiriləcək.

AŞPA Bürosunun və Prezidentlər Komitəsinin iclaslarında isə 2016-cı ildə nəzərdə tutulan seçki missiyalarının siyahısı dəqiqləşdiriləcək, 2016-cı ildə keçirilməsi nəzərdə tutulan Parlament sədrlərinin Avropa Konfransı, həmçinin AŞPA-nın Avropa Parlamenti və Avropa İttifaqının digər qurumları ilə əməkdaşlığı barədə fikir mübadiləsi aparılacaq.

Tədbirlərdə deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə