Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda komitələrin sədrləri, üzvləri, Daxili İşlər Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri iştirak ediblər.
Gündəliyə 6 məsələ daxil edilib. İclasda "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsi, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi, "Dini etiqad azadlığı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, "Polis haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi, Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi müzakirə olunub.
İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov V çağırış Milli Məclisin ilk komitə iclasını açaraq, seçkilərdə qalib gəlmiş millət vəkillərini təbrik edib. O, gündəlikdə olan məsələlər haqqında məlumat verərək bildirib ki, Milli Məclisə paket şəklində daxil olan qanun layihələri günün tələblərini əks etdirir. Qeyd edib ki, bu gün bir yeni qanun layihəsi və beş qanun layihəsinə əlavə və dəyişikliklər müzakirə olunacaq.
S. Novruzov vurğulayıb ki, regionda və ölkəmizdə baş verən hadisələr göstərir ki, "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsinin qəbul olunmasına və digər bir neçə qanun layihələrinə əlavə və dəyişikliklər edilməsinə ehtiyac var: "Sözügedən qanunlar xaricdən ixrac olunan hərəkətlərin qarşısını almaq üçün də zəruridir. Bəzi ölkələr öz ideyalarını Azərbaycanda din pərdəsi altında həyata keçirmək istəyirlər. Onlar insanların inanclarından istifadə edir, burada başqa ölkələrin modelini yaratmaq istəyirlər. Sözügedən qanunlar belə hallar ilə mübarizə aparmaq üçün önəmlidir".
Millət vəkili deyib ki, hər kəs qanun qarşısında eynidir. O qeyd edib ki, dini ekstremizmlə məşğul olanlar ciddi cəzalandırılmalıdır.
"Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir və heç bir qüvvə ölkəmizin inkişafına mane ola bilməyəcək"- deyə, komitə sədri əlavə edib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli müzakirəyə təqdim olunmuş qanun layihələrinin önəmindən danışıb. O, dini ekstremistlərə qarşı ictimaiyyətdə böyük narahatlıq yarandığını, insanların parlamentə çoxsaylı müraciət etdiklərini, dövlətin və ölkəmizin təhlükəsizliyi baxımından müzakirə olunan qanun layihələrinin mühüm olduğunu vurğulayıb.
Sonra gündəlikdə olan qanun layihələri haqqında məlumata verilib. Bildirilib ki, "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsi Azərbaycanda dini ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən edir, dini ekstremizm əleyhinə mübarizəni həyata keçirən dövlət orqanlarının və vətəndaşların hüquq və vəzifələrini təsbit edir.
"Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunda dəyişikliklərdə isə nəzərdə tutulur ki, Azərbaycan Respublikasının vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi və Azərbaycan Respublikasının vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, yaxud düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı dini münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə silahlı qrup yaratması Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnəcək.
"Dini etiqad azadlığı haqqında" Qanunda edilən dəyişikliyə görə, İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin aparılması qadağandır. İbadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər.
"Polis haqqında" Qanunda dəyişikliyə görə, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq oluna bilər.
Cinayət Məcəlləsində edilən dəyişikliyə əsasən, İslam dininə aid ayin və mərasimlərin xaricdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması iki min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum ekməklə cəzalandırılır.
Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması bir ildən iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu hal təkrar və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində yeddi gündən çox buraxılmasına görə, şagirdin valideyni yüz manat miqdarında cərimə edilir.
Millət vəkilləri qanun layihələrini müzakirə edərək təkliflər veriblər.
Deputatlar qanun layihələrinin reallığı əks etdirdiyini, aidiyyatı orqanların dini ekstremistlərə qarşı mübarizədə səlahiyyətlərini daha da artırdığını, ölkəmizin inkişafına mane olmaq istəyən qüvvələrin qarşısının alınması üçün mühüm addım olduğunu qeyd edərək Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB