Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dekabrın 1-də Dünya Bankının Azərbaycan üzrə ofisinin rəhbəri Larisa Leşşenko və Dünya Bankının Sosial İnkişaf üzrə mütəxəssisi Michelle Rebosionu qəbul edib. Komitədən SİA-ya verilən məlumata görə, Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb və Azərbaycan hökumətinin Dünya Bankı ilə əməkdaşlıq etdiyi müddətdə kifayət qədər yaxşı təcrübənin toplandığını diqqətə çatdırıb.
Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əlaqələrin son illər yeni mərhələyə qədəm qoyduğunu, həyata keçirilən layihələrin qarşılıqlı əməkdaşlıq şəraitində uğurla və şəffaf şəkildə davam etdirildiyini diqqətə çatdıran Baş nazirin müavini Əli Həsənov bildirib ki, bunlar arasında istər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınmış qəsəbələrdə həyata keçirilən layihələr mühüm önəm kəsb edir. Bildirilib ki, təkcə qaçqın və məcburi köçkünlərin rifahının yaxşılaşdırılması istiqamətində Dünya Bankı ilə bir neçə uğurlu layihə həyata keçirilib və bu işlər davam etdirilməkdədir. O, qeyd etmişdir ki, bu gün Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb və ölkəmizin günü-gündən artan iqtisadi inkişafı bu problemlərin həllinə imkan yarabıb. Ancaq bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkünlər üçün prioritet sahələrdən olan, xüsusilə gəlir gətirmə, infrastruktur, gənclərin dəstəklənməsi, mikrokredit proqramları üzrə həyata keçirilən layihələrə üstünlük verilməlidir.
Elə buna görədir ki, görüşdə Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış kredit sazişinə əsasən indiyədək görülmüş işlər təhlil edilib, qarşıda duran prioritet vəzifələr müəyyənləşdirilib.
Bütün bunları müsbət hal kimi dəyərləndirən Baş nazirin müavini Əli Həsənov həmçinin həyata keçiriləcək layihələrin icrasını sürətləndirməyin, keyfiyyətini yüksəltməyin, layihələrin istiqamətini prioritet sahələrə yönəltməyin vacibliyini də vurğulayıb.
Baş nazirin müavini Əli Həsənov diqqətə çatdırımışdır ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan son 5-6 ildə dünya ölkələri sırasında iqtisadi inkişaf tempinə görə ön yerlərdədir. "Böyük iyirmiliyin" Antalya Sammitində Azərbaycanın təmsil olunması, dövlətimizin başçısının dünya liderləri ilə birlikdə müasir dövrün ən aktual məsələlərinin müzakirələrində yaxından iştirak etməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasını sübut edən daha bir amildir. Bu, həm də dünya miqyasında Azərbaycana verilən önəmin daha bir nümunəsidir.
Baş nazirin müavini həmçinin bildirmişdir:" Ümumilikdə 500 milyon əhalisi olan Avropa ölkələrinə cəmi 400-500 min qaçqın gəlib. Həmin Avropa ölkələrinin rəhbərləri hər gün yığışıb müzakirə aparırlar ki, nə edək. Görün o ölkələrdə həmin qaçqınların başına nə oyunlar açırlar. Ancaq soruşan yoxdur ki, bəs 10 milyona yaxın əhalisi olan Azərbaycan 1 milyon 200 min qaçqın və məcburi köçkünün öhdəsindən 20 ildir necə gəlir?! Bu gün baxın görün Avropada insan hüquqları ilə bağlı nələr baş verir".
Dünya Bankı ilə əməkdaşlığa bu cür önəm verdiyinə, səmimi qəbula və hərtərəfli məlumata görə minnətdarlığını ifadə edən xanım Michelle Rebosio Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirməklə yanaşı qeyd edib ki, onun təmsil etdiyi qurum da Azərbaycan hökuməti ilə əməkdaşlıqda, məcburi köçkünlərlə işləməkdə maraqlıdır. Azərbaycanın bütün sahələrdə gündən-günə inkişaf etdiyindən məmnunluğunu bildirən Dünya Bankının rəsmisi qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərin bütün dünya üçün örnək olduğunu bildirib, Dünya Bankı ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib və bu istiqamətdə nəzərdə tutulan layihələrin vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyinə əminliyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB