Qabil Hüseynli: “Rəsmi Moskva verdiyi vədlərdə səmimi deyil” AÇIQLAMA

Qabil Hüseynli: “Rəsmi Moskva verdiyi vədlərdə səmimi deyil” AÇIQLAMA

"Ümid edirik ki, Azərbaycan və Ermənistan prezidentlərinin bu gün Parisdə keçirilən görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində hansısa irəliləyişə nail olmaq mümkün olacaq". Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Azərbaycanın 5 rayonunun geri qaytarılması məsələsi yenə gündəmdə qalır: "Amma son vaxtlar Rusiya - Türkiyə münasibətlərinin pisləşməsi, Rusiyanın Türk dünyasına qarşı qəzəbli əhval-ruhiyyədə olması ola bilsin ki, onun ermənistanlı əlaltılarına da təsir etmiş olsun. Rusiya illərdir ki, Azərbaycanın işğal altında olan rayonlarının geri qaytarılması istiqamətində ölkəmizə köməklik göstərir. Prezidentlərin görüşündə biz şahidi olacayıq ki, Rusiya vəd verdiyi məsələlərdə nə qədər səmimidir. Biz dəfələrlə danışıqlar masası ətrafında Ermənistanı sınaqdan çıxarmışıq. Rəsmi İrəvan həmişə olduğu kimi özünün qeyri-konstruktiv mövqeyində dayanır. Amma bu səfər biz Rusiyanın təzyiqini və bu ölkədən dəstək gözləyirik. Əgər bu baş verməsə, deməli rəsmi Moskva da verdiyi vədlərdə səmimi deyil".

Politoloq ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunaraq deyib ki, həmsədrlər ancaq bəyanatlar verməklə məşğuldur: "Onlar tərəfləri kompromisə çağırmaqla öz işlərini bitmiş hesab edirlər. Minsk qrupu prosesin irəliləməsi və status-kvonun dəyişməsi üçün əlində real bir mexanizm yoxdur. Əgər varsa belə, bu mexanizmləri heç cürə işə salmaq istəmir. Beləcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli tamamilə Rusiyadan asılı bir məsələyə çevrilib".

Bütün xəbərlər Facebook səhifəmizdə