“NATO Türkiyəyə yetərincə dəstək vermədi” ŞƏRH

“NATO Türkiyəyə yetərincə dəstək vermədi” ŞƏRH

"Suriya prezidenti Bəşər Əsədin Rusiya səfərindən sonra bölgədə təhlükəsizlik mühiti və geosiyasi vəziyyət tamamilə dəyişdi. Bölgədə Qərb dünyasının gözləmədiyi və hazır olmadığı bir vəziyyət ortaya çıxdı". Bu fikirləri SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı deyib.

Onun sözlərinə görə, Rusiya Suriya ərazisində torpaqları işğal edən və terorrorçuluqla məşğul olan İŞİD terror təşkilatına və müxalif silahlı qruplara qarşı hərbi əməliyyatlara başladı: "Misirdən Sankt-Peterburqa uçan sərnişin təyyarəsinin İŞİD tərəfindən vurulmasından sonra Rusiya geri addım atmadı və daha qətiyyətlə İŞİD, eləcə də müxalif silahlı qrupları bombalamağa başladı. Bu ərəfədə Rusiya döyüş təyyarəsi iki dəfə Türkiyə hava sərhəddini pozdu, amma Rusiya bunun texniki nasazlıqla bağlı olduğunu izah edərək məsələnin böyüməsinin qarşısını aldı. Rusiyanın Suriyanı bombalamasından sonra, Türkiyə bölgədə yeni bir güclə qarşı-qarşıya qaldı. Bu güc Suriya deyildi, İraq da deyildi. Rusiyanın hərbi aviasiyası Suriyanın Şimalında türkmanların yaşadığı bölgələrə havadan zərbə endirməsi nəticəsində yüzlərlə insan öldü, insanlar yaralandı. Türkiyə Rusiyanın bu hərəkətinə cavab verməyə tələsməsə də, dünən Rusiyanın SU-24 döyüş təyyarəsinin Türkiyənin hava sərhəddini pozması nəticəsində Türk döyüş təyyarələri tərəfindən vurulması bölgədə vəziyyəti daha da gərginləşdirdi. Rusiya döyüş təyyarəsinin Türkiyə hava sərhəddini keçmədiyini iddia etsə də, Türkiyə rus döyüş təyyarəsinin radar izini və türk pilotların rus pilotlarla dialoq qurma təşəbbüsünü video görüntü və səsli olaraq açıqladı". "Rusiyanın rəsmiləri hadisə yaşanan gün Türkiyəyə qarşı sərt bəyanatlar versələr də, bu gün daha təmkinlidirlər"-deyə qeyd edən siyasi şərhçi bildirib ki, Rusiyanın Türkiyədəki səfirliyi rus döyüş təyyarəsinin Türkiyənin hava sərhəddini pozması haqqında bəyanatı sözsüz ki, hökumətin razılığı alınandan sonra vermişdir: "Pilotlardan birinin öldüyü təsdiqlənsə də, bu günə qədər digərinin taleyi haqqında məlumat yox idi. Bu hadisədən sonra tərəflər arasında münasibətlərin gərginləşəcəyi, hər iki ölkənin iqtisadi və siyasi əməkdaşlığı və hətta diplomatik münasibətləri dayandıracaqları iddia edilsə də, bu gün deyəsən tərəflərin ehtiraslar sönür və daha təmkinli davranmağa çalışırlar. Rusiyanın SU-24 döyüş təyyarəsinin vurulması bölgədə xaosun davam etməsini istəyən dövlətləri məmnun etdi. Başda ABŞ olmaqla NATO Türkiyəyə yetərincə dəstək vermədi. Hətta ABŞ rəsmisi bu Türkiyə və Rusiya hökumətlərinin arasında yaşanan problemidir deyərək, məsələyə necə münasibət göstərdiklərini bildirdi".

Hatəm Cabbarlı həmçinin onu da əlavə edib ki, bu gün sağ olduğu məlum olan ikinci pilotu Rusiya geri ala bilib: "Geri ala bilibsə, bu o deməkdir ki, tərəflər əsasən razılığa gəliblər və məsələnin daha da böyüməsində maraqlı deyillər. Bütün hallarda Türkiyə və Rusiya arasında yaşanan gərginlik onların heç bir dövlətin milli maraqlarına cavab vermir. Bölgədə yaşanan bütün problemlərə baxmayaraq Türkiyə Suriyada yaşayan türkmanların həyatına təminat verməlidir. Böyük bir ehtimalla bu barədə də tərəflər arasında müəyyən danışıqlar və razılaşmalar əldə edilib. Belə ki, Rusiyanın bombaladığı türkman bölgəsində İŞİD terroru və müxalif silahlı qruplar yoxdur, əksinə Türkmanlar özləri bu qruplara qarşı silahlı mübarizə aparırlar. Önümüzdəki günlərdə bu məsələ ilə bağlı tərəflərin necə hərəkət edəcəyi, Rusiya-Türkiyə münasibətlərinə də təsir edəcək. Bölgədəki onsuz da kövrək olan təhlükəsizlik mühitinə bir də Rusiya-Türkiyə probleminin əlavə edilməsi əlbəttə arzu edilmir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə