ARGTMŞ-nın 20 illiyi qeyd olunub YENİLƏNİB

ARGTMŞ-nın 20 illiyi qeyd olunub YENİLƏNİB

Bu gün Azərbaycanın ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təsis olunmasının 20-ci il dönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, beynəlxalq təşkilatların təmsilçiləri ilə yanaşı gənclər təşkilatlarının 200-dən çox nümayəndəsi iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi ilə açıq elan olunub. ARGTMŞ-nın 20-ci ildönümünə həsr olunmuş video-çarx iştirakçıların diqqətinə çatdırılmasından sonra dövlət rəsmiləri, millət vəkilləri və beynəlxalq təşkilatların nümayəndələri çıxış üçün kürsüyə dəvət olunub.

ARGTMŞ-nın sədri Şahin Seyidzadə bildirib ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Azərbaycanın aparıcı gənclər təsisatıdır: "Öz ətrafında 112 gənclər təşkilatını birləşdirən Milli Şura ölkə gəncləri və təşkilatlarıın yeganə konfederativ sturukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olmaqla onların beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur. ARGTMŞ 21 noyabr 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunub. 1996-cı il yanvarın 31-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Milli Şura 1997-ci ildən Avropa Gənclər Forumu (AGF) və Türk Dünyası Gənclər Birliyinin, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu, 2004-cü ildən isə İslam Konfransı Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvüdür".

O, bildirib ki, 2000-ci ildə AGF-nin tam hüquqlu üzvünə çevrilən ARGTMŞ 2004-cü ilədək Məşvərət Şurasında təmsil olunmuş, uzun müddətdən sonra - 2014-cü ildən yenidən Şuraya üzv seçilib: "2002-ci ildə ARGTMŞ Avrasiya Beynəlxaq İnkişaf Assosiasiyası ilə birlikdə İslam Konfransı Gənclər Forumunun yaradilması təşəbbüsü ilə çıxış edərək 2003-cü ildə Bakı şəhərində Forumun təsisçilərinin 1-ci görüşünü təşkil edir. İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirlərinin 2004-cü ilin may ayında keçirilən 31-ci görüsündə isə təşəbbüsün dəstəklənməsi qərara alınır. 2012-ci illərdə Milli Şura xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlılardan ibarət "Dünya Azərbaycanlı Gənclər Birliyini", 40-a yaxın ölkənin gənc liderləri və nümayəndələrinin iştirakı ilə isə "Böyük İpək Yolu Beynəlxalq Gənclər Birliyini" təsis edib. 2014-cü ilin dekabrın 9-da ARGTMŞ Dünya Gənclər Assambleyasına tamhüquqlu üzv kimi qəbul olunaraq dekabrın 10-da idarə heyətinə seçilir".

Gənclər və idman naziri Azad Rəhimov deyib ki, ARGTMŞ-nın XIII Qurultayı digərlərindən fərqlənir: "Çünki bu tədbir şuranın 20 illik yubileyinə təsadüf edir. 20 il o qədər də böyük zaman deyil. Amma biz ötən 20 ilə nəzər salsaq görərik ki, Azərbaycan bu illər ərzində tarixin ən şərəfli illərini yaşayıb. Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi və şəxsi nüfuzu nəticəsində sabitlik, inkişaf üçün möhkəm təməllər yaranıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Gənclər siyasəti sahəsində Gənclər evi və mərkəzləri istifadəyə verilib, İnkişaf Strategiyası və bir neçə dövlət proqramları qəbul edilib, qanunvericilik bazası təkmilləşdirilib, gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə İpoteka sistemi yaradılıb, gənclər üçün Prezident mükafatı təsis edilib, Prezident yanında Gənclər Fondu yaradılıb və s. tədbirlər həyata keçirilib. Bütün bunlar cənab Prezidentin gənclərlə olan xüsusi diqqəti və qayğısı nəticəsində mümkün olub".

Daha sonra Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident-əlaqələndiricisi Antonius Bruk, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və digərləri çıxış edərəl ARGTMŞ-nın 20 il ərzində qazandığı uğurlar və ölkədə gənclər sahəsində görülən işlərdən danışıblar.

Tədbirin gedişatında iştirakçıları ARGTMŞ-nın 1997-ci ildən üzvü olduğu Avropa Gənclər Forumunun prezidenti Yohanna Nimanın təbrik mesajını dinləyiblər. ARGTMŞ-nın 20-ci ildönümünə həsr olunmuş XIII Qurultayı təltifolunma mərasimi ilə davam edib.

Qeyd edək ki, tədbir çərçivəsində ardıcıl olaraq Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XIII Qurultayı və Gənclər Təşkilatlarının II Milli Konqresi həyata keçirilib. Konqresdə gənclər təşkilatları üçün aktual mövzular ətrafında müzakirələr aparılacaq, müxtəlif təkliflər səsləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə