“Dövlətçiliyə təhlükə yaradan qüvvələrə qarşı amansız olmalıyıq” Elman Məmmədov
"Radikal-ekstremist qüvvələr harada özlərinə yuva salıb, özlərinə meydan yarada bilirlərsə, nəzarətsiz yer tapıb fəaliyyət göstərə bilirlərsə onlar həmin dövlət daxilində ancaq iğtişaşlar yaratmaq, dövlətçiliyin dağılmasına, məhv olması istiqamətində fəaliyyət göstərməyə xidmət edənlərdir". Bunu SİA-ya millət vəkili Elman Məmmədov Bakıxanov qəsəbəsində bir qrup radikal-ekstremist ruhlu şəxslərin din pərdəsi altında polis idarəsinin qarşısında iğtişaş yaratmaq cəhdinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu radikal-ekstremist qüvvələrin haradan qidalandığı müvafiq orqanlara məlumdur: "Eləcə də radikal-ekstremist qüvvələrin məqsədləri hər kəsə aydındır. Ona görə də hesab edirəm ki, Azərbaycanda müvafiq orqanlar, eyni zamanda hüquq-mühafizə orqanları onların qanundankənar, Azərbaycan Konstitusiyasına ziddi hərəkətlərinə qarşı ən kəskin şəkildə təsir göstərməlidirlər. Biz dinin əleyhinə deyilik. Bizim hər birimiz Allaha inanan insanlarıq, müsəlmanıq və bizim dinimiz var".
E.Məmmədov bildirib ki,biz din pərdəsi altında özlərinin çirkin niyyətlərini həyata keçirən qüvvələrə, dövlətçiliyə təhlükə yaradan qüvvələrə qarşı amansız olmalıyıq: "Beləcə onların fəaliyyətinə imkan verməməliyik. Hesab edirəm ki, Azərbaycan Respublikasında bu istiqamətdə kifayət qədər ayıq-sayıq hərəkətlər həyata keçirilir və bu, dövlətçiliyimizin qorunub saxlanılması üçün çox vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB