Əli Əhmədov MDB Parlamentlərarası Beynəlxalq Müşahidə Missiyasının üzvləri ilə görüşüb YENİLƏNİB - VİDEO

Əli Əhmədov MDB Parlamentlərarası Beynəlxalq Müşahidə Missiyasının üzvləri ilə görüşüb YENİLƏNİB - VİDEO

Bu gün Baş nazirin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov partiyanın qərargahında 1 noyabr parlament seçkilərini izləyəcək MDB Parlamentlərarası Beynəlxalq Müşahidə Missiyasının üzvləri ilə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Əli Əhmədov ölkəmizdə seçkilərin azad, şəffaf , demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün yaradılan şəraitdən bəhs etdi. Bildirdi ki, Azərbaycanda demokratik seçki mühiti mövcuddur, bütün siyasi partiyalara seçkilərin hər bir mərhələsində eyni şərait yaradılıb.

Əli Əhmədov vurğulayıb ki, ölkənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası seçkilərə böyük qələbə əzmi ilə qatılıb. Bunu şərtlənirən bir sıra amillər mövcuddur. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir. Partiyanın sıralarında 670 minə yaxın üzvün birləşməsi təbii ki, həyata keçirilən siyasətə dəstəyin, Yeni Azərbaycan Partiyasının bu gününə və gələcəyinə inamın göstəricisidir.

YAP sədrinin müavini Əli Əhmədov bildirdi ki, hər bir partiya seçkilərə ötən dövr ərzində qazandığı uğurlarla, malik olduğu sosial baza ilə qatılır. Heç şübhəsizdir ki, Yeni Azərbaycan Partiyasına xalqın dəstəyi böyükdür.

Əli Əhmədov ölkədə seçki ab-havasının çox müsbət, xalqın seçki əhval-ruhiyyəsinin yüksək olduğunu qeyd etdi. Vurğuladı ki, bu ab-hava xalqın bugünkü reallıqlara verdiyi yüksək dəyərdən qaynaqlanır.

Demokratiyanın vacib amillərindən biri seçkilərin şəffaflığının təminatının təsdiqi kimi prosesin beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin müşahidəçilərinin izləməsidir. Ə.Əhmədov Azərbaycan dövlətinin beynəlxalq müşahidə missiyalarının seçkiləri izləmələrinə yaratdığı şəraiti prosesin demokratik, azad və şəffaf şəkildə keçirilməsinə göstərdiyi diqqət və önəm kimi qeyd edib.

Görüşdə bu əminlik bir daha ifadə edildi ki, 1 noyabr parlament seçkiləri xalqımızın yüksək fəallığı şəraitində keçiriləcək, Azərbaycan növbəti illərdə də uğurla inkişaf edərək, yeni-yeni hədəflərə çatacaq.

MDB Parlamentlərarası Beynəlxalq Müşahidə Missiyasının üzvləri ölkəmizdə seçki ab-havasından razılıqlarını ifadə etdilər. Azərbaycanın demokratik inkişaf yolunda inamla irəliləməsinin göstəricilərindən biri kimi seçkilərin demokratikliyinə, beynəlxalq standartlara uyğun keçirilməsinə göstərilən diqqəti xüsusi vurğulayıblar.

Ə.Əhmədov Müşahidə Missiyasının üzvlərini maraqlandıran sualları cavablandırdı, bir daha onları ölkəmizdə görməkdən, seçkiləri izləmələrinə göstərdikləri maraqdan məmnunluqlarını ifadə edib.

YAP icra katibinin müavini Mübariz Qurbanlı görüşdə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə