KİV seçkilərin işıqlandırılması istiqamətində öz işini necə qurub? AÇIQLAMA
"Kütləvi İnformasiya Vasitələrinin (KİV) seçki dövründə davranışını tənzimləmək üçün həm Azərbaycan Seçki Məcəlləsində, həm də Mərkəzi Seçki Komissiyasının (MSK) təlimatlarında açıq istiqamətlər göstərilib. Burada həm seçki təşviqatının aparılması, həm də seçki prosesi barədə məlumatların yayılması qaydaları təsdiqini tapıb". Bunu SİA-ya Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli deyib.
Sədr müavininin sözlərinə görə, 2015-ci ilin seçki prosesi dövründə müşahidə edilən hal budur ki, ümumi mənada əksər KİV –lər qanunun bu tələblərinə hörmətlə yanaşır, işlərini qanunvericiliyin standartlarına uyğun qurmağa çalışırlar: "İşin bu cür effektiv qurulmasında Mərkəzi Seçki Komissiyasının səmərəli iş qurması da əhəmiyyətli rol oynayır. MSK-nın həm Media və ictimai əlaqələr şöbəsi, həm də Komissiya tərkibində seçkilər dövründə əlahiddə fəaliyyət qurmaq üçün yaradılan media seçki mərkəzi jurnalistlərin fəaliyyət qurmaları, istədikləri informasiyanı vaxtında, operativ şəkildə almalarına yardım göstərir. Beləliklə, həm medianın, həm də MSK-nın informasiya işində peşəkar iş qurmaları seçki prosesinin media ilə bağlı hissəsinin normal davam etməsinə şərait yaradır".
M.Ələsgərli bildirib ki, bütün bunlara baxmayaraq, bəzi media qurumlarında qaydaların pozulmasına da rast gəlinir: "Seçki kampaniyası dövründə Azərbaycan Mətbuat Şurasına 10-a yaxın KİV-dən şikayətlər daxil olub. Bu da deputatlığa namizədlərin bəzi KİV-lərdə onların barələrində böhtan, yaxud təhqir xarakterli materiallar yaymaları ilə bağlıdır. Məsələnin mahiyyətinə baxsaq, burada zahirən KİV-i qınamaq olmaz. Çünki, şikayət edən namizədlər barədə təhqir, böhtan səsləndirilməsi KİV-lərin öz təşəbbüsləri deyil və onların marağı da deyil. Təhqir və böhtanı səsləndirən həmin namizədlərin alternativləri və ya seçiciləridirlər. Amma bu, həmin KİV-ləri məsuliyyətdən azad etmir. Bu KİV-lər də həmin təhqir və böhtanları ictimailəşdirdikləri üçün məsuliyyət daşıyırlar. Sadəcə bəzi KİV-lər peşə prinsiplərini sona qədər bilmədikləri üçün bu cür hallara yol verirlər. İki gün öncə Mətbuat Şrasının geniş açıqlaması yayıldı. Bu açıqlamada yanlışa yol verən KİV-lərə xəbərdarlıq edildi. Bildirildi ki, kimin səsləndirməsindən, arxasında konkret mənbənin durmasından asılı olmayaraq, KİV-lər təhqir və böhtan xarakterli məlumatların yayılmasına yol verməməlidirlər".
O vurğulayıb ki, bu cür yanlışa yol verən KİV-lərin sayı çox azdır: "Onlar ümumi seçkinin gedişinə mane olmaq və medianın seçkiyə münasibətini dəyişəcək qədər çox və güclü deyillər. Builki seçkilərdə informasiya yayımı ilə bağlı əlavə bir nüans da ortaya çıxıb. Bu da 2015-ci ilin seçkilərində onlayn medianın və sosial şəbəkələrin imkanlarından rahat istifadə edilməsidir. Azərbaycanda azad internetin mövcudluğu imkan verib ki, deputatlığa namizədlər öz təbliğat təşviqat işlərini qurmaq üçün bu texnologiyadan yetərincə istifadə etsinlər. Düzdür, sosial şəbəkələr müstəvisində seçki prosesinin işıqlandırılması məsələsi tam qanunlar çərçivəsində deyil. Amma Azərbaycan demokratik bir ölkə olduğu üçün, bu sahənin işinə madaxilə edilmir. Həm də bu, Azərbaycanı tənqid edənlərə bir göstəricidir ki, ölkədə alternativ informasiya mənbələri yetərincə inkişaf edib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB