YAP-ın namizədinin parlament seçkilərində qələbəsi mütləqdir

27 saylı Sabunçu ikinci Seçki Dairəsində Yeni Azərbaycan Partiyasının millət vəkilliyinə namizədi Dilarə Məmmədağa qızı Cəbrayılovanın seçicilərlə görüşü keçirilib
YAP-ın namizədinin parlament seçkilərində qələbəsi mütləqdir

Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisə seçkilərdə namizədlərinin təbliğat-təşviqat kampaniyası Sabunçu rayonunda da uğurla davam edir. Kampaniya çərçivəsində seçicilərlə 27 saylı Sabunçu ikinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının millət vəkilliyinə namizədi Dilarə Məmmədağa qızı Cəbrayılovanın Abşeron yüksək gərginlik enerji şəbəkəsi MMN-də seçicilərlə görüşü olub. YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək ölkəmizdə əldə olunan böyük nailiyyətlərdən danışıb. M.Abasquliyeva YAP-ın güclü siyasi təşkilat olduğunu bildirərək, partiyamızın bütün seçkilərdə qalib gəldiyini diqqətə çatdırıb. O, partiyanın layiqli namizədlərinin xalq tərəfindən həmişə dəstəkləndiyini qeyd edərək, partiyanın namizədi - Dilarə Cəbrayılova haqqında ətraflı məlumat verib. Sonda M.Abasquliyeva seçiciləri 1 noyabrda keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.

27 saylı Sabunçu ikinci Seçki Dairəsində Yeni Azərbaycan Partiyasının millət vəkilliyinə namizədi Dilarə Məmmədağa qızı Cəbrayılova görüşdə çıxış edərək bildirib ki, ölkə ictimaiyyəti Azərbaycanın bugünkü reallıqları fonunda seçkilərə qatılıb, öz seçim hüquqlarından istifadə edərək hansı siyasi qüvvəyə, namizədə səs verəcəyini artıq heç bir çətinlik çəkmədən müəyyənləşdirmək imkanındadır: "Seçki ərəfəsində ölkədəki sakitlik də yüksək səviyyədədir. Azərbaycanın hazırkı inkişafı göz qabağındadır. Reallıqların içərisində olan, hər gün yeniləşmənin, inkişafın, tərəqqinin şahidinə çevrilən xalq düzgün dəyərləndirmə aparmaqla seçki prosesində fəal iştirak edəcək. Uğurlarımız bir-birini əvəzlədikcə yeni-yeni hədəflərə yol açılır ki, bu da ölkəmizin hərtərəfli inkişafını daha da sürətləndirir".

D.Cəbrayılova rayon sakinlərini seçkilərdə fəal olmağa və YAP-ın namizədlərinə səs verməyə çağırıb. O, həmçinin deputat seçiləcəyi təqdirdə, görəcəyi işlər haqqında da məlumat verib. Görüşdə çıxış edən seçicilər də bildiriblər ki, noyabrın 1-də seçki məntəqələrinə gedərək YAP-ın namizədinə səs verməklə, Yeni Azərbaycan Partiyasına, davamlı inkişafa və yüksək rifaha səs vermiş olacaqlar.

Tədbirin sonunda seçicilər çıxış edərək, hakim partiyanın namizədinə səs verəcəklərini bildiriblər.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə