Mahir Abbaszadə seçiciləri ilə görüş keçirib

Mahir Abbaszadə seçiciləri ilə görüş keçirib

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 121 saylı Laçın Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizəd Abbaszadə Mahir Tapdıq oğlunun Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yaşayan laçınlı seçiciləri ilə görüşü keçirildi.

Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli Milli Məclisə seçkilərə hazırlıqla bağlı görülmüş işlər barədə, eyni zamanda, namizədlərin təbliğat-təşviqat kampaniyasının həyata keçirilməsi prosesinin uğurla davam etdirilməsi haqqında məlumat verib. Aqil Nəzərli Yeni Azərbaycan Partiyasının namizədi Abbaszadə Mahir Tapdıq oğlu barədə məlumatı seçicilərin diqqətinə çatdırıb. Aqil Nəzərli seçiciləri fəal olmağa və 1 noyabr parlament seçkilərində məntəqələrə gedərək, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə səs verməyə çağırıb.

121 saylı Laçın Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Abbaszadə Mahir Tapdıq oğlu çıxış edərək əvvəlcə ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində qazanılmış böyük uğurlardan danışıb, bu nailiyyətlərin gələcək illərdə də davam edəcəyinə əminliyini ifadə edib. Deputatlığa namizəd Mahir Abbaszadə Yeni Azərbaycan Partiyasının dövlətçiliyimizin inkişafı, xalqımızın rifahının daha da yaxşılaşması istiqamətində görülən işlərdə əvəzsiz rolunu da diqqətə çatdırıb: "Yeni Azərbaycan Partiyası yarandığı gündən bu günədək xalqımızın maraqlarına söykənən fəaliyyəti ilə böyük uğurlar qazanıb. Mənim üçün həm şərəf, həm də məsuliyyətdir ki, regionun ən güclü partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülüb. Ona görə də bu etimadı doğrultmaq üçün bundan sonra da bütün gücümlə fəaliyyət göstərəcəyimə söz verirəm".

Görüşdə çıxış edən seçicilər partiyamızın gənc və perspektivli namizədi Mahir Abbaszadəni dəstəklədiklərini və noyabrın 1-də YAP-ın namizədlərinə səs verəcəklərini bir daha bəyan ediblər.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə