Hərbi-ekspert: "Beynəlxalq qurumlarla sərt danışmalıyıq" MÜNASİBƏT
"ATƏT-in Minsk qrupunun daha çox fayda gətirdiyi ölkə varsa, o da Ermənistandır". Bunu SİA-ya hərbi-ekspert Üzeyir Cəfərov ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ problemi "dondurulmuş" münaqişə deyil fikrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, haqlı olduğumuz halda bizi günahkar göstərmək, bizə rişxənd etmək, az qala həddlərini aşmaq cəhdləri artıq əndazəni aşmaqdadır: "Düşünürəm ki, ATƏT-in Minsk qrupu özü-özünə belə bir sual ünvanlamalıdır. Görəsən onlar bu 21 ildə hansı müsbət nəticəni ortalığa qoya bildilər?. ATƏT-in Minsk qrupunun daha çox fayda gətirdiyi ölkə varsa, o da Ermənistandır. Bu müddət ərzində onlar boş və mənasız danışıqlar prosesi, heç bir effekti olmayan monitorinqlər vasitəsi ilə sadəcə işğalçının daha da azğınlaşmasına nail olublar. Minlərlə insan dünyasını dəyişib, bir o qədər də həm hərbçi, həm də mülki şəxslər əlil olub. Son günlər cəbhə bölgəsində baş verən hadisələr də onu bir daha sübut etdi ki, biz Azərbaycan dövləti olaraq artıq bütün səviyyələrdə beynəlxalq qurumlarla sərt dildə danışmalıyıq. Haqlı olduğumuz halda bizi günahkar göstərmək, bizə rişxənd etmək, az qala həddlərini aşmaq cəhdləri artıq əndazəni aşmaqdadır. İstər amerikalı həmsədr Ceyms Uorlik olsun, istərsə də digərləri, onlara bəslənən ümidləri doğrultmadılar. İşləri ancaq mənasız bəyanatlar səsləndirmək, hansısa görüşləri təşkil etmək olan bu üçlük faktiki olaraq Ermənistanın maraqlarını müdafiə etməklə məşğuldur"
Hərbi-ekspert onu da əlavə edib ki, bu günlərdə vicdan və reallıq hissini itirmiş ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Endryu (Fransa) Azərbaycan və Ermənistanı atəşkəs rejiminin pozulması hallarının araşdırılması üçün mexanizm qəbul etməyə çağırıblar: "21 ildən sonra bu şərəfsizlər indi ayılıblar ki, sən demə bu vaxta kimi bunlar elə belə, turist kimi bütün bölgəni, bütün dünyanı gəzib dolaşırlarmış və yalnız indi bunların yadına düşüb ki, sən demə bunlar ən əsas və vacib işi hələ də nə planlaşdırıblar, nə də tərəflərə bu haqda hansısa ideya və təklif verilməsini xahiş etməyiblər. Cəbhədə insanlıq dramı yaşanır, hər iki tərəfdən həlak olan və ağır yaralananlar var. Bunlar isə danışıqların bərpa olunması və tərəflər arasında etimadın artırılması üçün Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində gərginliyin azaldılmasının vacibliyini qeyd edir. Azərbaycan və Ermənistan prezidentləri arasında bu ilin sonuna planlaşdırılmış hansısa növbəti mənasız və məntiqsiz görüşün keçirilməsi haqqında danışırlar".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB