Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclası MSK-nın sədri Məzahir Pənahov açaraq MSK-nın 16 sentyabr 2015-ci il tarixli iclas protokolu haqda məlumat verib və sənəd səsə qoyularaq təsdiq edilib.
M.Pənahov bildirib ki, Azərbaycanda keçiriləcək parlament seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb: "Parlament seçkilərində namizədliyinin qeydə alınması üçün 125 dairə üzrə 923 müraciət daxil olub. Onlardan 498 nəfəri 13 siyasi partiya tərəfindən, 34 nəfəri "Azadlıq-2015" blokundan, 388 nəfəri fərdi qaydada, 3 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. 720 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. Onlardan 583 nəfər imza vərəqələri alıb, 39 nəfəri imza vərəqələrini qaytarıb. Onlardan isə 8 nəfərin namizədliyi qeydə alınıb".
Daha sonra Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Mərkəzi Seçki Komissiyasında (MSK) təyin edilmiş məşvərətçi səs hüquqlu üzv təsdiq edilib. MSK-nın qərarı ilə Quliyev Bəhruz Vaqif oğlu YAP tərəfindən Mərkəzi Seçki Komissiyasında təyin edilmiş məşvərətçi səs hüquqlu üzv təsdiq edilib.
İclasda parlament seçkilərində namizədlərini irəli sürmüş bir sıra siyasi partiyaların səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə nümayəndələri siyahı üzrə qeydə alınıb. MSK-nın katibi Arifə Muxtarova bildirib ki, Azərbaycan Demokrat Partiyası parlament seçkilərində iştirakdan imtina etdiyi üçün MSK-ya partiyanın siyahı üzrə qeydə alınmış səlahiyyətli nümayəndələrinin və maliyyə nümayəndələrinin qeydiyyatının ləğv edilməsi barədə müraciət edib. MSK üzvləri müraciətə əsasən ADP-nin nümayəndələrinin qeydiyyatının ləğvi barədə qərar qəbul ediblər.
Sonra A.Muxtarova tərəfindən bəzi dairə seçki komissiyalarının tərkibindəki dəyişiliklər, eləcə də MSK-nın üzvü Ramiz İbrahimov tərəfindən 2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlər haqqında məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB