"Altın" ortaq pul vahidinin reallaşması nə dərəcədə mümkündür? AÇIQLAMA

"Altın" ortaq pul vahidinin reallaşması nə dərəcədə mümkündür? AÇIQLAMA

"Rusiya prezidenti Vladimir Putin Avrasiya İttifaqına daxil olan ölkələrdə "altın" adlı ortaq pul vahidinin dövriyyəyə buraxılması üçün dövlət dumasına layihə göndərib. Hesab edirəm ki, bu istiqamətdə addımların atılması gözləniləndir". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu söyləyib.

Politoloq bildirib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və neftin qiymətinin aşağı düşməsi Rusiya iqtisadiyyatında ciddi problemlərin meydana gəlməsinə səbəb olub: "Rusiya iqtisadiyyatı neftdən əldə olunan gəlirlərdən, ABŞ dollarından əhəmiyyətli dərəcədə asılıdır. Hazırda müşahidə olunan reallıq ondan ibarətdir ki, dünya bazarında neftin qiyməti amilindən siyasi məqsədlər üçün istifadə olunmaqdadır. Yəni, neftin qiymətinin kəskin azalmasının təmin edilməsi Rusiyaya qarşı yönəldilmiş bir addımdır. Bu baxımdan, Rusiya ABŞ dollarının iqtisadiyyatdakı rolunu məhdudlaşdırmaqla, vəziyyəti nisbətən düzəltməyə çalışır. Dolların məzənnəsinin milli valyutalara nisbətdə əhəmiyyətli dərəcədə artması əksər ölkələrin iqtisadiyyatlarında neqativ izlər buraxmaqdadır. Əgər proseslər özünün hazırkı xarakteri ilə davam edərsə, Putin Avrasiya İttifaqı çərçivəsində vahid valyutanın dövriyyəyə buraxılmasını təmin edəcək. Hesab edirəm ki, Rusiya ilə yanaşı Qazaxıstan və Belarusiya da bu məsələdə həmrəylik nümayiş etdirəcəklər. Ermənistan isə, sözsüz ki, rəsmi Moskvanın iradəsini yerinə yetirməli olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə