Bakıda PİCARD konfransı öz işinə başlayıb YENİLƏNİB

Bakıda PİCARD konfransı öz işinə başlayıb YENİLƏNİB

Bu gün Bakıda Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PICARD ("Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı") konfransı öz işinə başlayıb. SİA-nın məlumatına görə, konfransda Azərbaycan da daxil olmaqla, 53 ölkədən 241 nümayəndə, 21 beynəlxalq və regional təşkilat, o cümlədən, 3 Nobel mükafatçısı iştirak edir.

Ümumdünya Gömrük Təşkilatının 10-cu illik PICARD ("Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı") konfransının açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya və Koreya Gömrük Xidmətinin sədr müavini Don-Hyunq Lin iştirak edib.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib ki, beynəlxalq ticarətin ötən illər ərzində böyük artımı bütün dünyada gömrük idarələri qarşısında yeni çağırışlara yol açıb: "Durmadan artan ticarət həcmi, yeni ticarət tendensiyaları, artmaqda olan təhlükələr və yeni təcrübələrin tətbiqi gömrük işinin modernləşməsini zəruri edir. Belə müasir gömrük xidməti ticarətin və cəmiyyətin tələblərinə cavab verə bilmək üçün daha səmərəli, effektiv xidmət yönümlü və şəffaf olmalıdır".

DGK sədri qeyd edib ki, ticarət tendensiyaları dəyişdikcə, ticarətlə məşğul olan şəxslərin gömrükdən ehtiyac duyduqları dəstək də artmaqdadır: "Bu baxımdan, biliklər əsasında yaranan innovasiyalar uğurlu gömrük idarəçiliyində aparıcı qüvvə kimi qalır. İnnovasiyaların tətbiqi gömrük idarələri qarşısında duran bir çağırışdır. Bu əməkdaşlıq şəraitində iş mühiti, yaradıcılıq səyləri və biliklərə əsaslanan idarəetmə tələb edir. Sadəcə yenilik etmək deyil, səmərəli və keyfiyyətli yenilik etmək lazımdır".

Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov diqqətə çatdırıb ki, gömrük orqanlarının potensialının gücləndirilməsi, qlobal ticarət zəncirinin təhlükəsizliyinin təmin edilməsi və iqtisadi nailiyyətlərin əldə olunması gömrük işi sahəsində islahatların aparılmasını ehtiva edir: "Müasir qloballaşan dünyada nailiyyətlərin əldə olunması və iqtisadiyyatın inkişaf etdirilməsi mühüm amillərdəndir. Hazırki dövrdə güclü iqtisadiyyata malik olmaq üçün bir sıra sahələrlə yanaşı gömrük sahəsinin də inkişaf etdirilməsi mühüm məsələdir. Bu baxımdan gömrük sahəsində potensialın inkişaf etdirilməsi, elmi və təcrübi biliklərə nail olunması istiqamətlərində görülən işlər daim diqqət mərkəzində olmalı, gömrükçülərin peşə biliklərinin artırılması istiqamətində zəruri addımlar atılmalıdır".

Daha sonra Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya və Koreya Gömrük Xidmətinin sədr müavini Don-Hyunq Linin çıxışları dinlənilib.

Tədbirdə həmçinin Nobel mükafatı laureatı, Harvard Universitetinin professoru (ABŞ) Erik Maskin "Niyə qlobal bazarlar inkişaf etməkdə olan ölkələrdə bərabərsizliyi azalda bilmədi?" və Beynəlxalq Vergi və Tərəqqi Mərkəzinin Baş direktoru (Birləşmiş Krallıq) Mik Mur isə "Beynəlxalq əməkdaşlıq: ticarət və vergilərin müqayisəsi" adlı əsas məruzə ilə çıxış ediblər.

Sonra konfrans "Gömrük əməkdaşlarının təşviq edilməsi amilləri" və "Qlobal Dəyər Zəncirləri" adlı sessiyalarla işini davam etdirib, bu bölmələr üzrə məruzələr dinlənilib.

Qeyd edək ki, sentyabrın 9-da isə konfransın sessiyaları "Gömrük sahəsində yeniliklər", "Qlobal Dəyər Zəncirləri", "Gəlir və tarif məsələləri", "Saxtakarlıq və faktlar" məsələlərinə həsr olunacaq. Həmin gün əsas məruzə ilə Nobel mükafatı laureatı, Arizona Dövlət Universitetinin professoru (ABŞ) Edvard K.Preskott çıxış edəcək.

Sentyabrın 10-da konfrans öz işini "Saxtakarlıq və faktlar", "Mədəniyyət nümunələri üzərində mülkiyyət hüquqlarının qorunması", "Gömrük risklərinin idarə edilməsi", "Qeyri-formal ticarət" adlı sessiyalarla yekunlaşdıracaq. Həmin gün isə "Milli siyasi mühitin innovativ fəaliyyətə və kapitalın formalaşmasına təsiri" adlı əsas məruzə ilə Nobel mükafatı laureatı, Santa Barbarada yerləşən Kaliforniya Universitetinin professoru (ABŞ) Finn Kidland çıxış edəcək.

Sentyabrın 11-də isə Bakı şəhərində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Regional Ofisinin rəsmi açılış mərasimi gerçəkləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə