Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə əlaqədar gənclərlə görüş keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və bir qrup fəal gənclər iştirak ediblər.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar gənclərə öz tövsiyələrini verərək qeyd edib ki, parlament seçkiləri ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisədir: "Seçkilərdə YAP tərəfindən namizədliyi irəli sürüləcək şəxslərin təbliğat-təşviqat kampaniyasının uğurla həyata keçirilməsində gənclərimiz əllərindən gələni əsirgəməyəyəcəklər. Bunu daha əvvəl keçirilən seçkilərin təcrübəsinə əsaslanıb əminliklə söyləyirəm. Xüsusilə, 18 yaşına çatmış ilk dəfə səs verəcək gəncləri seçkidə iştiraka səsləyəcək sosial layihələrin həyata keçirilməsində də partiyanın və rayonun fəal gəncləri aktiv olacaqlar. Bu, seçki prosesində ən vacib amillərdən biri hesab edilir".
Daha sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışıb. N.Novruzov qeyd edib ki, bu gün ölkəmizdə aparılan gənclər siyasətinin nəticəsi olaraq Azərbaycan gənci öz sözünü nəinki ölkəmizdə, hətta beynəlxalq tribunlaradan belə deyə bilir. Bu, bizə yaradılan şəraitdən, göstərilən qayğıdan irəli gəlir. İstənilən sahədə kifayət qədər söz sahibinə çevrilən Azərbaycan gənci hər zaman olduğu kimi bu gün də doğru siyasəti dəstəkləyir, doğru olanın yanındadır. Ona görə də bir sıra qabaqcıl ölkələrin gəncləri bizim təcrübəmizdən yararlanaraq, özlərinə nümunə götürməyə çalışırlar".
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov həmçinin bu il keçiriləcək parlament seçkilərində də YAP namizədlərinin qələbə çalacağına və bu prosesdə hər bir gəncin aktiv iştirak edəcəyinə əminliyini qeyd edib.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı isə çıxışında bütün seçkilərdə, istər prezident, istərsə də bələdiyyə seçkilərində YAP-nın gənclərinin nümunəvi addımlar atdığını qeyd edib. Y.Babanlı deyib ki, parlament seçkilərində gənclər özlərinə bir iş mexanizmi tərtib ediblər: "Gənclərimiz hər zaman olduğu kimi bu dəfə də bizləri yanıltmayacaq, dolğun fəaliyyətləri ilə növbəti uğura imza atacaqlar. Bunu təkcə biz söyləmirik. Bunu Yeni Azərbaycan Partiyasının sıralarında birləşən gənclərin hər biri öz işləri ilə təsdiq edirlər.
YAP Nərimanov rayon təşkilatının fəal gənclərindən olan İlahə Sadıqova, Aytən Məmmədova və Mehti Namazov da çıxış edərək bildiriblər ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb: "YAP Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafı, əhalimizin rifahı uğrunda mühüm tövfələr verməkdədir. Bütün bunlar bir daha xalqımızın partiyamızı bu seçkilərdə də dəstəkləyəcəyinə təminat verir. Seçki biz gənclər üçün böyük təcrübədir. Bu təcrübəni yüksək qiymətləndirməyi qarşımıza ən ümdə məqsəd kimi qoymuşuq".
Sonda təşkilat sədri Təmraz Tağıyev gənclərlə bir sıra vacib məsələləri müzakirə edib, gənclərin mövzuya dair suallarını cavablandırıb.


İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB