YAP Şabran rayon təşkilatında treninq keçirilib

YAP Şabran rayon təşkilatında treninq keçirilib

Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatı aparatında parlament seçkiləri ilə əlaqədar yaradılan imzatoplama mərhələsində iştirak edəcək şəxslərlə treninq keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov Seçki Qərargahının işi, görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verərək ölkəmizdə seçki qanunvericiliyinin demokratik prinsiplər əsasında təmin olunacaq böyük və geniş imkanları qeyd edib.

Vurğulanıb ki, Azərbaycan demokratik, dünyəvi dövlətdir və dövlətimizin qazandığı gözəl ənənələri, yüksək seçki mədəniyyətini 5-ci çağırış Milli Məclisə seçkilərdə də nümayiş etdirəcəyik. Məhz buna görə də, bu seçkilərdə də var gücümüzlə təbliğat aparmalıyıq.

Təşkilat sədri M.Balabəyov əvvəlki seçkilərdə olduğu kimi, bu seçkinin də yüksək səviyyədə baş tutacağına, şəffaflığın, ədalətin təmin olunacağına və parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçiriləcəyinə inamını ifadə etmişdir, həmçinin onu da vurğulayıb ki, Şabran rayonu üzrə seçki qərargahı nəzərdə tutulmuş qrafikə uyğun lazımi tədbirləri gündəlik fəaliyyətində yerinə yetirir.

Qeyd olunub ki, seçki qərargahının 8 nəfərdən ibarət imzatoplayan fəalı 54 saylı Şabran-Siyəzən Seçki Dairəsi üzrə Şabran rayonunda yaşayan sakinlərin imzalarını toplamaq üçün işə başlayacaq. Bununla əlaqədar imzatoplamada iştirak edəcək şəxslər imza vərəqələri nümunələri ilə tanış olmuş və onların doldurulması ilə əlaqədar məlumatlandırılmışlar.

Bildirilmişdir ki, imza toplayan fəallar Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq, hər bir sakinlə fərdi qaydada görüşməli, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında məlumatları qeyd etməli, vətəndaş isə imzasını atmalı, günün tarixini qeyd etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə